İngilis rahib müasir turizmin əsasını necə qoyub — “Thomas Cook”-un həyatı | Banco.az

İngilis rahib müasir turizmin əsasını necə qoyub — “Thomas Cook”-un həyatı

Bu gün, demək olar ki,  turizm haqqında məlum olan hər şey ən qədim səyahət agentliyinin qurucusu Tomas Kukun ideyalarının təcəssümüdür.

Tomas Kuk kimdir?

Tomas Kuk 1808-ci ildə İngiltərədə fermer ailəsində anadan olub. Atası Con Kuk öldükdən sonra anası Elizabet Ceyms Smithard ilə evlənib. O zaman Tomas üç yaşında idi. Ögey atası onu keşiş etmək niyyətiylə monastıra göndərir. Tomas monastırda 10 il — ögey atası ölənə qədər oxuyur. Bundan sonra ailəsinə dəstək olmaq üçün bağban və dülgər yanında çalışmağa başlayıb.

17 yaşında Tomas vəftiz edilir, Baptist kilsəsinin üzvü olur və onun ideologiyasını təbliğ etməyə başlayır. Yerli Baptist jurnalında məqalələri dərc olunan Tomas Kuk ətraf kəndlərə, şəhərlərə gedir, dini ədəbiyyatı təbliğ etməyə başlayır, dini məktəbdə müəllimlik edir. Gələcək həyat yoldaşı Marian Meysonla da elə dərs dediyi məktəbdə tanış olur. Marian da müəllimə idi.

Tomas Kuk —  kütləvi turizmin banisi

1827-ci ildə baptist keşiş olan Tomas Kuk spirtli içki aludəçiliyi əleyhinə fəaliyyət göstərən cəmiyyətə daxil oldu və alkoqolizm əleyhinə hərəkatın üzvünə çevrildi: antialkoqol tədbirlər təşkil etdi, tematik broşuralar və məqalələr yazdı. 1840-cı ildə Kuk uşaqların zəhərli içkidən uzaq durması məqsədi ilə jurnal nəşr etməyə başladı.

Sonradan Tomas Kuk siqaret aludəçiliyi ilə mübarizəyə başlayır. 1841-ci ildə həyat yoldaşı və oğlu ilə birlikdə Lesterə köçür və məqsədi sağlam həyat tərzini təbliğ etmək olan yeni bir nəşriyyat evi yaradır. Marian Kuk isə öz növbəsində Lesterdə xəstəxana açır və eyni ideyanı tətbiq etməyə başlayır.

“Ayıqlar” cəmiyyəti üçün qatar

1841-ci ilin yayında Tomas Kuk “Midland Railway Company”-nin rəhbəri ilə danışaraq onu yeni dəmiryol xətti ilə səyahət etmək üçün qatarı icarəyə götürməyə razı saldı. Beləliklə, “Sobriety” cəmiyyətinin üzvləri Lesterdən Lafbora mərkəzi İngiltərənin cənubi qraflıqlarının  “ayıqlar” assosiasiyasının qurultayına gedə bildilər. Bu ilk kütləvi turizm marşrutu idi.

570 sərnişin, 9 vaqon, 12 millik gəzinti...Gəzintinin qiyməti 1 şillinq — bu günkü məzənnə ilə 3,92 dollar idi. Sərnişinlər üçüncü sinif səyahətlərdə adət olduğu kimi ayaq üstə durmalı idilər. Lakin elə ilk “tur”-dan Kuk istirahət və yemək məsələsini düşünmüşdü. Onlar üçün nəfəsli musiqi alətlərində ifa edən çalğıçılar, konsert, oyunlar, qəlyanaltı - peçenye və alkoqolsuz zəncəfil pivəsi təşkil edildi. “İlk turistlər“  elə həmin axşam Lesterə qayıtdılar.

“Midland Railway Company” Tomas Kukun belə səfərləri müntəzəm təşkil etmək təklifini qəbul etdi. Bu şərtlə ki, reklam və bilet satışını öz üzərinə götürəcəkdi.

Tomas Kuk paralel olaraq münasib qiymətlərlə fərdi ekskursiyalar təşkil etməyə başladı: böyüklər üçün 1 şillinq, uşaqlar üçün 6 pens. İlk vaxtlar təsisçi turistləri bütün səyahətlərdə şəxsən müşayiət edirdi.

Tomas Kuk öz turlarına ilk reklam şüarı fikirləşdi: “Dəmir yolları — milyonlar üçün!”

Həmin şüarı divarlara, dükanların vitrinlərinə yapışdırırdı. Reklam və müntəzəm olaraq müştəri tapmaq müqabilində dəmiryol rəhbərliyi təşkilatçıya biletlərin topdansatış qiymətinə endirim təklif edirdi.

Kukun ideyası bundan ibarət idi ki, nəqliyyat xidməti, daha sonra isə otellərlə razılaşıb daha ucuz qiymətlər formalaşdırmaq, daha böyük kütləyə səyahət etmək imkanı təmin etmək mümkün olsun. Onun sayəsində 1840-cı illərdə artıq İngiltərədə orta təbəqənin aşağı qatlarının üzvləri və fəhlələr də səyahət edə bilirdi. Tomas Kuk kasıb insanların da boş vaxtını turizmə sərf etməsinə şərait yaratdı.

1845-ci ildə Kuk Lesterdən Liverpula və geriyə tur təşkil etdi. İlk dəfə tur zamanı moizələr ixtisar olundu və səyahət sırf əyləncə xarakteri daşıdı. Ayaq üstə səyahət edilən üçüncü sinif vaqonlardan istifadə edilmədi, çünki prioritet komfort və təhlükəsizlik olmuşdu. Tomas Kukun təyin etdiyi bələdçilər sərnişinlərə marşrut, dayanacaqlar və tur zamanı görəcəkləri maraqlı yerlər barədə ətraflı məlumat verirdilər. Səyahət birinci sinif sərnişinlərə 15, ikinci sinifə isə 10 şillinqə başa gəlirdi.

İlk səyahət bütün arzulayanlara qismət olmadı. Çünki biletləri 1200 insan bronlaşdırmışdı. Artıq iki həftə sonra turu təkrar etməli oldular. Məhz Liverpul turu gəlir gətirməyə və biznesə təkan verməyə başladı.

Tədricən Tomas Kuk səyahət coğrafiyasını genişləndirdi.  Şotlandiya, İrlandiya, Şimali Uels, Men adası və s. də turlar təşkil etdi. Şotlandiyada Valter Skott və Robert Berns yaradıcılığı vurğunları üçün xüsusi tematik tur hazırladı. Daha sonra turizmin daha bir istiqamətini yaratdı —  İngiltərənin böyük torpaq sahibləri ilə razılığa gəlib onların qalalarını və parklarını ekskursiyalar üçün açdırdı.

1851-ci ildə Kuk fəhlələr və uşaqlar üçün Hayd-parkda London ticarət-sənaye sərgisinə baha olmayan turlar təşkil etməyə başladı. Turist yollayışına Londona gediş-gəliş, qidalanma və gecələmə daxil idi. Beləcə Kuk 165 mindən çox insan üçün sərgini əlçatan etdi.

Xaricə səyahət

Ən sərfəli kredit üçün müraciət et

1855-ci ildə Parisdə də belə sərgi təşkil olundu. Onda Tomas Kuk ilk kontinental turunu həyata keçirdi. İki qrup turist şərqi ingilis limanı Harviçdən Antverpenə, ardınca Brüssel, Köln, Heydelberq, Strasburq, səyahətin son dayanacağı Parisə səyahət etdi.

Tura qatar və gəmi biletləri və digər xərclər daxil idi. Kuk turistlərə həmçinin valyuta mübadiləsi və otellərin müəyyən qiymətə bron edilməsini təmin edən otel kuponları təklif edirdi. Bələdçilər də artıq təkcə gəzinti marşrutu və görməli yerlərin icmalını yox, həm də ziyarət edilən ölkədəki etiket qaydalarını izah edən praktik məsləhətlər də verirdilər.

1865-ci ildə Kuk Londonda Flit-Stritdə yer aldı və səyahət malları mağazası yaratdı. Orada qatar biletləri, ekskursiya biletləri, çamadan və teleskoplar satılırdı. Eləcə də bələdçi xidməti təklif olunurdu.

Sahibkar xarici və daxili səyahətlərin agentinə çevrildi, Amerikada turizm bürosu açdı. Onu Tomas Kukun oğlu Con (uzun müddət kommersiya məsələlərində atasına kömək etmişdi) idarə edirdi. Agentlik “Thomas Cook & Son” adlandırıldı. Bu agentliyin tanınmış müştəriləri arasında Mark Tven, Redyard Kipling, Oskar Uayld və Uinston Cörçill də var idi.

Həmçinin oxu:  Yolda keçən zamanı necə faydalı etmək olar?

1868-ci ildən etibarən şirkət turistlərə səyahət zamanı oğurluq hallarından sığortalanmaq üçün səyahət çeklərinin ilk prototiplərini – “dövriyyə edən bank biletlərini” təqdim etməyə başladı. Bunlardan oteldə gecələmə və qidalanmanı ödəmək üçün istifadə edilirdi.

 “Thomas Cook & Son”-ın Londondakı ilk ofisi

1869-cu ildə Tomas və oğlu müqəddəs torpaqlara ziyarət təşkil etdi. Turistlər keşikçilərin müşayiəti ilə səhranı at üstündə keçdilər, ərzaqlar isə qatır və eşşəklərlə daşındı. Daha sonra Hindistanın baş qubernatoru qraf Dafferinin xahişi ilə hindlilərin Məkkəyə həcc ziyarətini təşkil etdi.

Belə turlar xüsusilə populyar idi. Londonda “Thomas Cook & Son” qərargahında agentliyin bütün tarixi boyunca müştəri tələbi yüksək olan xüsusi həcc şöbəsi açıldı.

Dünyadakı ilk təşkil edilmiş dünya səyahətini də “Thomas Cook & Son” həyata keçirib.  1872-ci ildə Tomas Kuk şəxsən ilk dünya turunu gerçəkləşdirdi. 29 min millik yol 222 gündə qət olundu.

Turistlər Londondan yola düşdü, gəmiylə Atlantik okeanını üzüb keçdilər, qatarla Nyu-Yorkdan San-Fransiskoya getdilər, Sinqapurdan keçərək yenidən Yaponiyaya, Çinə yola düşdülər, Hind okeanı, Qırmızı dənizdən də Qahirəyə, oradan da Londona qayıtdılar. Dünyanı dolanmaq hər sərnişinə təxminən 300 funt sterlinq, indiki pulla təqribən 35 min dollara başa gəlmişdi.

Mark Tven bu turun ilk iştirakçılarından olub. O, öz təəssüratlarını “The innocents abroad” kitabında bölüşüb.

Tomas Kuk kasıblar üçün əlverişli səyahət şəraiti yaratmaq ideologiyasına sadiq qalırdı. Con Kuk isə otellərə və kruiz gəmilərinə investisiya qoyaraq turizm sənayesini inkişaf etdirməyə çalışırdı. Ata və oğul fikir ayrılıqlarına baxmayaraq illərlə birlikdə iş gördülər.

Lakin 1878-ci ildən etibarən 70 yaşlı Tomas Kuk işdən uzaqlaşdı və Con agentliyi idarə etməyə başladı. Və şirkət uğurla inkişaf etməyə davam etdi. Artıq 1885-ci ildə şirkət İngiltərədə və xaricdə 120 ofis açılmışdı, 1890-cı ildə 3,25 milyon tur satmışdı.

Kukun ardınca başqaları da Avropada turizm şirkətləri açmağa başladılar.

Turizm sənayesinin aktiv inkişafına 20-ci əsrin əvvəllərində aviasiyanın inkişafı da kömək etmişdir. “Thomas Cook & Son”, təbii ki, təyyarəylə səyahət təklif etmiş ilk şirkət oldu. 1919-cu ildə “The Times“ qəzetində Pasxa münasibətilə ilk uçuşların reklamı verilmişdi.

Ailə və mill irs

Tomas Kuk 1892-ci ildə vəfat etdi. Həmin dövrdə onun sərvəti  2497 £ dəyərində qiymətləndirilirdi. Oğlu ailə biznesini davam etdirdi. 1896-cı ildə “Thomas Cook & Son” Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarının rəsmi sərnişin agenti oldu.

1899-cu ildə Con Kuk da özündən sonra 663 000 £ sərvət qoyaraq dünyasını dəyişdi. Tomas Kukun nəvələri: Frenk və Ernest Kuk şirkəti idarə etməyə başladı.

İkinci Dünya müharibəsi ərəfəsində ailə səyahət agentliyi üzərində nəzarəti itirdi. 1928-ci ildə Tomas Kukun son varisləri agentliyi Belçikanın “Orient Express” turoperatoruna satdılar.

Həmçinin oxu:  Dünyada ən pis iş şəraitinə malik olan ölkələr hansılardır?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et