Son məlumatlara görə, yeni növ koronavirusun qurbanlarının sayı 1000-ü ötüb. 2019-cu ilin sonlarında ilk dəfə Çinin Uhan əyalətində aşkarlanmış xəstəliyin tüğyan etməsi böyük korporasiyaların rüblük maliyyə nəticələrinə mənfi təsir göstərə bilər. Bu barədə Amerikanın “Forbes” qəzeti “Amenity Analytics”in məlumatlarına istinadən məlumat yayıb. Dünyanın 421 şirkətinin rəhbərləri bu nəticəyə gəlib. Epidemiyanın gəlirlərinə mənfi təsir edəcəyini proqnozlaşdıran şirkətlərin əksəriyyəti, yəni 394-ü ABŞ-da yerləşir. Onların arasında “Facebook”, “Nike” və “Starbucks” da var.
“Facebook” epidemiya səbəbindən “Oculus” virtual reallıq dəbilqəsinin istehsalı ilə əlaqədar problemlərin yarana biləcəyini söylədi. “Bloomberg” yazır ki, oculus da əksər oyun cihazları kimi Çində yığılır. “Facebook” dəbilqələrə hələ də tələbin mövcud olduğunu və buna görə də koronavirusun yayılmasının cihazın əlçatanlığına təsir göstərə biləcəyini qeyd edib. Çünki şirkət hal-hazırda “Oculus” üçün yeni sifarişləri qəbul etmir.
Həmçinin oxu: Fransız milyarder 100 milyard dollar sərvəti necə toplayıb?
Ötən həftənin əvvəlində “Nike” Çindəki mağazalarının yarısını koronavirus səbəbiylə bağladığını elan etmişdi. Şirkət maliyyə göstəricilərinin proqnozu üzərində işləyərkən hadisələrin belə gedişatını gözləmədiyini vurğuladı və ikinci rübdəki gəlir barədə yenilənmiş proqnoz verəcəyini açıqladı. “Adidas” da oxşar çətinliklərlə üzləşib. Şirkətin mətbuat xidmətindən “Reuters”ə bildirilib ki, “Nike”ın Çindəki biznesi çətin günlər keçirir.
Yanvarın sonlarında Amerikanın qəhvə zənciri olan “Starbucks” koronavirusun maliyyə göstəricilərinə mümkün təsirindən danışmışdı. Şirkət Çindəki satış nöqtələrini bağlamaq məcburiyyətində qalıb və mövcud vəziyyətə görə 2020-ci il üçün maliyyə proqnozunu dəyişdirəcəyini istisna etmir.
Virusun yayılmasının təsirini artıq dünyanın bir çox otel və kazinolara sahib olan şirkətləri də hiss edir. Məsələn, son gəlir hesabatında ABŞ-ın “Wynn Resorts” otel və kazinolar şəbəkəsi bildirib ki, Makaudakı kazinonun bağlanmasına görə şirkət hər gün təxminən 2,6 milyon dollar itirir. Las Veqasda kazinoya sahib olan “Las Vegas Sands”ın hesabatında “koronavirus” adı 27 dəfə xatırlanıb.
“Amenity Analytics” vurğulayır ki, “Apple”, “McDonald's”, “LVMH”, “Capri Holdings” və “Estee Lauder” kimi şirkətlər də koronavirusun təsirlərindən bəhs edib.
Nigar Umaxanlı, Finco.az