"Bank sektoru real sektorla ayaqlaşa bilməsə nə baş verəcək?" - Elman Sadıqov | Banco.az

"Bank sektoru real sektorla ayaqlaşa bilməsə nə baş verəcək?" - Elman Sadıqov

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Yola salacağımız həftə  Mərkəzi Bankın İdarə Heyətinin oktyabrın 18-də qəbul etdiyi qərara əsasən “MuğanBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Azərbaycanda bankların bağlanma səbəbi və yaranmış vəziyyət ilə bağlı iqtisadçı Elman Sadıqov Banco.az-a müsahibə verib.

 Elman müəllim, “MuğanBank”ın bağlanması hazırkı dövrdə  sektora necə təsir edə bilər? Hər hansı bir zərər, risk ehtimalı gözlənilirmi?

“MuğanBank” ASC-nin  Mərkəzi Bankın məlumatında qeyd olunduğu kimi, bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir. Belə bir kiçik bankın bağlanması bank və maliyyə sisteminə hal-hazırda birbaşa hər hansı bir ciddi təsir göstərməyəcək. Lakin, məsələ təkcə bank və maliyyə sisteminə təsirlə məhdudlaşmır. İlk növbədə, bu bankda  işləyən əməkdaşların işsiz qalması diqqətdən yayınmayacaq qədər önəmli məsələdir. İkinci əsas məsələ bir neçə ildir ki, bank sektorunda proseslərin birtərəfli getməsidir. Yəni, xüsusilə son 13 ildə bağlanma istiqamətində. Əslində bankların bağlanması, birləşməsi prosesi bütün ölkələrdə baş verir. Lakin, bütün dünyada mövcud olan bank sektorunda,  indiyə qədər bir çox bağlanmalar da olub, yeni bankların meydana gəlməsi,  bankların birləşməsi və təmərküzləşmə də baş verib, bankların öz fəaliyyət istiqamətlərini dəyişməsi də. Amma bütün bu proseslər daha çox böhran dövrlərində və yaxud da iqtisadi tələblər çərçivəsində olub. Burada önəmli olan əsas məsələlərdən biri budur ki, məsələn 20 bank bağlanır, amma yerinə yeni istiqamətdə çalışan və ya müəyyən sektorlar üzrə daha çox ixtisaslaşan bircə  bank belə açılmır. Hazırda, bank sektorundakı bütün banklar demək olar eyni istiqamətdə işləyirlər. Korporativ müştərilərə xidmət, istehlak kreditləri vermək, depozit cəlb etmək və s. Bizim  hər hansı sahələr üzə ixtisaslaşmış banklarımız da yoxdur. Məsələn, kənd təsərrüfatı, turizm və yaxud digər sahələrə ixtisaslaşmış xidmət göstərə biləcək  banklarımız, investisiya bankçılığımız da  yoxdur. Hazırda banklar bank sektorundakı təmərküzləşmənin artmasının risklərini, zərərini hiss etmirik və yaxın bir neçə neçə il də hiss etməyəcək. Bu da tədricən artmaqda olan bir arxayınlıq hissi yaradacaq. Bu riskləri hiss etməməyin əsas səbəbi iqtisadi-maliyyə sabitliyi, neftin qiymətləri, qaz hasilatının artması, tədiyyə və ticarət balanslarındakı müsbət saldolar, valyuta ehtiyatlarının sadaladığım bu amillər fonunda artmasıdır. Bu gün sektor devalvasiya riski daxil olmaqla heç bir ciddi risk hiss etmir. Lakin, təmərküzləşmənin riskləri, fəsadları gizlin bir şəkildə yığılmağa, formalaşmağa davam edir. Bu risklər isə iqtisadiyyatda hər hansı təlatüm zamanı hiss olunacaq. Burada təkcə neft qiymətlərinin düşməsi nəzərdə tutulmur. Burada əsas məsələlərdən biri iqtisadi böyümə ilə bank sektorunun böyüməsi arasındakı uçurumun bu dəfə bank sektorunun əleyhinə formalaşması riskindən söhbət gedir. Bu incə və dərin məsələ haqqında bir cümlə ilə kifayətlənmək istərdim. 2015-ci il devalvasiyası nəticəsində real sektor bank sektorunu aşağı çəkdi. Növbəti təlatüm zamanı isə bank sektorunun real sektoru aşağı çəkməsi riskləri formalaşmaqdadır. Bu isə nəticə çıxartmağa əsas verir ki, əslində təmərküzləşmənin gətirdiyi riskəri yumşaltmamaq həmin təmərküzləşən banklar üçün nisbətən kiçik və orta ölçülü banklara nisbətən daha ciddi risklər formalaşdıra bilir.

Fikrimi daha da sadələşdirim. 2011 - 2012-ci  ildə həm bank sektorunda olan risk menecer, həm də iqtisadçı kimi müxtəlif şok və ssenari stress testləri həyata keçirərək proqnozlar hazırlayırdım. O zaman “Beynəlxalq Bank”ın aktivləri bank sektorunun 50 - 60 faizinə çatırdı. Bu baxımdan həmin vaxtlar Beynəlxalq Bankın audit hesabatı əsasında apardığım stres testin nəticəsi bu oldu ki, əgər gələcəkdə neftin qiyməti 60 dollardan aşağı enərsə “Beynəlxalq Bank”ı xilas edəcək yeganə qüvvə dövlətin özü olacaq. Fikrimi daha aydın izah etmək üçün bir haşiyə çıxmaq istərdim. 2011-ci ildən sonra neft istehsalının tədricən azalması fonunda tədiyə balansı üçün neft qiymətlərində 2012-2015-ci illərdə qırmızı xəttin 55-60 dollar olduğunu hesablayarkən və yazdığım Strateji Planda neft qiymətlərinin 2014-cü ildən etibarən 60 dollardan aşağı enəcəyini proqnozlaşdırarkən bunun ilk növbədə bank sektoruna təsirinin qaçılmaz olduğunu vurğulamışdım. Məsələ, mənim nəyisə proqnozlaşdırmağım, hesablamağım deyil. Məsələ, şok hadisənin yaratdığı zəncirvari reaksiyanın son halqasının hansı nöqtədə bitəcəyidir. Mövzumuza qayıdaq. Yəni bank sektorunda  digər banklar Beynəlxalq Bankı xilas etməkdə aciz qalacaqdılar. Onlar buna cəhd etsələr belə bütün sistem çökərdi. Digər tərəfdən isə “Beynəlxalq Bank” batmaq üçün də kifayət qədər böyük bank sayılırdı  və onun batması bütün sektoru çökdürə bilərdi. Nəticədə,  ölkənin özündə maliyyə sisteminə ciddi problem yaranardı. Nəticədə bank sağlamlaşdırma tədbirləri ilə dövlətin özünün birbaşa müdaxiləsi nəticəsində xilas edildi.

Bir il ərzində iki bankın bağlanmasına təsir edən əsas səbəblər hansılar oldu?

Formalaşmaqda olan sektorun iqtisadiyyatda baş verənləri absorb etmək məsələsi var. Bankın bağlanmasının bir neçə səbəbləri və psixoloji amilləri var. Bir  sıra banklar  var ki, sektorda sürətlə böyüdülər, genişləndilər. Digər kiçik banklar həmin banklara həm faktiki olaraq biznes məsələlərinə görə rəqabətdə, həm də psixoloji olaraq uduzdular. Bankların özlərindən asılı olan səbəblər də çoxdur. Bir sıra banklar yeniliklərə o qədər də açıq olmadılar, müəyyən dərəcədə peşəkar kadrlar da cəlb edə bilmədilər. Digər səbəb isə sektorda köhnə düşüncələrin qalmasıdır. Elə banklar var ki, 2014-2015-ci illərdə hansı metodlarla işləyirdilərsə hələ də bu üsullarla fəaliyyət göstərməyə davam edirlər. Bu da tamamilə yolverilməzdir. Kreditlərin verilməsi prosedurundan tutmuş yeni texnologiyaların tətbiqinə kimi, risklərin idarə edilməsi məsələsi və digər yenilikləri tətbiq edə bilməyən, tendensiyaları görə bilməyən banklar gec-tez kiçilməyə doğru gedəcəkdir. Burada obyektiv və subyektiv məsələlər var. Hesab edirəm ki,  həmin banklar tendensiyanı tuta bilsələr müəyyən dərəcədə müvəffəqiyyət qazanarlar. Müştəri portfelini əlində saxlamaq,  risklərini sözün həqiqi mənasında diversifikasiya etmək və yaxud da nisbətən fərqli bir yanaşma ortalığa qoymaq kiçik banklar üçün daha rahatdır. Bizim bəzi banklarımız, təəssüf ki, bunu etmirlər. Kiçik banklar manevr imkanlarına görə daha çevik ola bilərlər. Hal - hazırkı vəziyyətdə bir sıra banklarda kadr məsələlərində də ciddi boşluqlar hiss olunmaqdadır”.

Ən sərfəli kredit üçün müraciət et

Burada digər önəmli müsbət amil vardır ki, onu qeyd etməmək doğru olmaz. Məsələn, “MuğanBank”da 106 milyon manata yaxın qorunmayan əmanətlər var. Bunlar da daha çox səhmdarların, banka aidiyyatı olan şəxslərin və inzibatçıların depozitləridir. Bu əmanətlərin məbləği yüksək olsa da, sayı az olur. Bank sektorunda son illərdə bağlanan banklarda adətən 99 faiz əmanətlər say etibarı ilə sığortalanmış olurlar ki, burada da vətəndaşlar sığorta sistemi nəticəsində demək olar ki, zərər görmürlər və sığortalar da  qısa müddətdə ödənilir. Mənfi hal odur ki, bank bağlanarkən cari hesablarında 20 min manatdan yuxarı vəsait olan fiziki şəxs sahibkarlar və hüquqi şəxslər birbaşa zərərə uğrayırlar. Bank seçimində məhz həmin kateqoriyanın daha həssas və diqqətli olması vacibdir.

Elman bəy, dünya bank sistemində müəyyən iqtisadi, makroiqtisadi göstəricilər pisləşdikdə hansı qoruyucu mexanizmlər işə düşür?

“Dünyanın inkişaf etmiş ölkələrində 10- 12 ildən bir müəyyən çökmələr, krizislər, durğunluqlar baş verir. Bu təbiidir, çünki iqtisadiyyat davamlı olaraq qıza, inkişaf edə bilməz. Məhz bu səbəbdən bir çox hallarda tənzimlənən böhranların şahidi oluruq. Nəticədə  mexanizm işə düşərək iqtisadiyyatı soyudur. Hər bir ölkənin özünəməxsus iqtisadi konyukturası var. Məsələn, əgər dünya bazarında neftin qiyməti düşərsə bizim yenidən ciddi qayğılarımız formalaşa bilər. Bu qayğılar bank sektoruna da təsir edir. Düzgün stress test aparılarsa, risklər davamlı olaraq ölçülərsə, bir sıra gözlənilən problemləri öncədən aşkar etmək mümkün olur. Əlbəttə burada gözlənilməyən risklər kateqoriyası da mövcuddur ki, bu başqa bir mövzudur. Lakin, gözlənilməz risklərin də özləri üçün də rezervlərin ayrılması və risklərin yumşaldılması qaydaları mövcuddur. Hər hansı bir bankda bu gün mövcud olmayan problemlər, makroiqtisadi təlatümlər və yaxud neft qiymətlərində və valyuta daxilolmalarında azalmalar baş verdikdə və yaxud devalvasiya təhlükəsi yarandıqda real sektor və bank-maliyyə sektoru üçün hansı daha ciddi təzyiq formalaşdıra bilər onu müəyyən etmək mümkündür. Bu zərərlərin düzgün hesablanması əsas şərtdir. Çünki, devalvasiya zamanı faktiki zərər öncədən gözlənilən zərərdən çox olur. Bu zərər kumulyativ xaraktlerli olur və qarşısı alınmadıqda getdikcə artır. Yenə də Beynəlxalq Bank misalına nəzər yetirdikdə, təhlil etdikdə dediklərim aydın olur. Hazırda müsbət tərəflər də çoxdur. Bunlardan biri də, bank sektorunun bu gün kifayət qədər yüksək kapital adekvatlığı, dayanıqlığının olmasıdır. Hətta bu adekvatlıq əmsalları bəzi Avropa ölkələrinin banklarından da yüksəkdir.

Diqqət yetirilməli əsas məsələ bank sektorunun son dörd -beş il ərzində ümumdaxili məhsulun, başqa sözlə desək iqtisadiyyatın artım tempindən geridə qalmasıdır. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Rusiya Ukrayna müharibəsi nəticəsində qazın qiyməti artdı. Bizim qaz gəlirlərimiz çoxaldı. Neftin gündəlik orta qiymətləri stabil olaraq yüksək oldu. Nəticədə, bizim 130 milyard manat üzərində ümum daxili məhsulumuz formalaşdı. Bank sektorunda isə bu temp aşağı oldu və ÜDM ilə bank sektorunun böyüklüyü arasında qəp yarandı. İlk baxışda bu qəp real sektorun xeyrinə görünsə də, neft və qaz amilini nəzərə almalıyıq. Nəticədə paradoksal vəziyyət yaranır. İqtisadi artım tempi bank sektorunda süstlük formalaşdırır, bank sektorunun iqtisadiyyatın böyüməsində iştirakı zəifləyir. İstehlak kreditləri isə borclanmanı artıraraq qeyri-neft sektoru, o cümlədən xidmət sektorunun növbəti illərdə inkişafını ləngidə biləcək risklər formalaşdırır. Bir tərəfdən bu sektorların kreditləşməsi zəifdir, digər tərəfdən əhali qazancının bir hissəsini kredit ödənişlərinə yönəltdiyi üçün pulun iqtisadiyyatda dövriyyəsi zəifləyir. Geniş və dərin məsələdir, düşünürəm ki, qeyd etdiklərim müəyyən təsəvvürlər formalaşdırdı. 

Hər bir halda bu gün bank sektoru iqtisadiyyatla paralel addımlaya bilməsə də, iqtisadi imkanlardan maksimum istifadə etməyə çalışaraq real sektorla sinerji yaratması çox önəmlidir. Əks halda, bir dəfə də qeyd etdiyim kimi, iqtisadiyyatda kiçik bir təlatüm bank sektorunda böyük bir qasırğa törədə bilər.”

Ən sərfəli krediti almaq üçün müraciət et