Əhali əmanətlərinin sığortalanmasına ehtiyac duymur – Samir Əliyev | Banco.az

Əhali əmanətlərinin sığortalanmasına ehtiyac duymur – Samir Əliyev

Ötən gün Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıqlanan statistik göstəricilərdən sonra qərara gəldik ki, əmanətlərin sığortalanması ilə bağlı vəziyyətin əslində nə yerdə olması ilə bağlı məsələyə aydınlıq gətirək. Sualarımıza iqtisadçı ekspert Samir Əliyev aydınlıq gətirdi. 

Bankların kapitallaşmasına dair şərtlərin ağırlaşdırılması fonunda bəzi bankların bağlanması ehtimalı əmanətçiləri ehtiyatlı mövqe tutmağa sövq edir. Bu baxımdan əmanətçilərin vəsaitlərini daha çox sığortalamağa meyl etməsi gözləniləndir.

Ötən ildən başlayaraq Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsinin azaldılması siyasəti yürüdür. Son bir ildə artıq 2 dəfə faizlər aşağı salınıb. Əvvəlcə 2013-cü ilin avqustunda faizlər 12%-dən 10%-ə salındı. Daha sonra bu ilin may ayında bir qədər də azaldılaraq 9%-ə qədər endirildi.

Bildiyiniz kimi, Mərkəzi Bankın 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının həcminə dair şərtlər sərtləşdirilərək 50 milyon manata çatdırılıb. Bu müddətin 2013-cü ilin dekabrın 31-də bitməsi nəzərə tutulsa da, tənzimləyici qurumun qərarı ilə daha bir il uzaldıldı. Banklara bundan ötrü verilən vaxta rəğmən, bir sıra banklar hələ də bu tələbi yerinə yetirə bilmir. Təxminən 5 aydan sonra  banklara verilmiş möhlət bitir. Müşahidələr onu göstərir ki, bütün banklar bu normaya əməl edə bilməyəcək və növbəti il onların bəziləri sektoru tərk etməli olacaqlar. Rəsmi statistikaya görə, artıq 6 bankın bağlanması üzərində iş gedir. Onların sayının artması ehtimalı var.

Belə bir situasiyada, təbii ki, əmanətçilərin kütləvi şəkildə əmanətlərini sığortalamağa çalışacaqları gözlənilirdi. Yəni ki, bankların bağlanma təhlükəsindən qorxan əmanətçilər qorunmayan əmanətlərini qorunan əmanətlərə çevirməli idi. Ya da bəziləri vəsaitlərini ümumiyyətlə bankdan götürməli idilər. Necə ki, mart ayında 86 milyon manatlıq azalmanı müşahidə etdik. Ancaq nə baş verdi? Gözləntilərin əksinə olaraq qorunmayan əmanətlərin həcmi artmağa başladı.

Əgər 2013-cü ilin ikinci rübündə bütün əmanətlərin ancaq 33%-i qorunmurdusa, indi bu rəqəm 45,2%-ə yüksəlib. Bu, çox yüksək göstəricidir və deyərdim ki, əmanətlərin sığortalanması mexanizmi tətbiq ediləndən bəri ən yüksək həddir. Təbii ki, son bir ildə əmanətlərin həcmi artır. Maraqlıdır ki, artım qorunmayan əmanətlərin hesabına baş verib. Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1 milyard manat (1,85 milyarddan 2,87 milyard manata) artığı halda, qorunan əmanətlərin həcmi 300 milyon manat (3,77 milyarddan 3,47 milyard manata) azalıb. Belə çıxır ki, əmanətçilər nəinki  qorunmayan əmanətlərini qorunan əmanətlərə çevirməyiblər, hətta banklarda yüksək faizli vəsait yerləşdirməkdə davam ediblər.

Mövcud situasiyanın bir neçə səbəbini qeyd etmək olar:  

  1. Sığortalanan əmanətlərin faiz dərəcəsinin möcvud həddi (9%) əmanətçiləri qane etmir və onlar yüksək faizli əmanət yerləşdirməkdə davam edirlər. Xüsusilə də bir qrup əmanətçi var ki, əllərindəki ilkin kapitalı banklara yerləşdirməklə əldə olunan faizlər hesabına ailələrini dolandırırlar. Onlar üçün aşağı faizlə əmanət yerləşdirmək sərfəli deyil.
  2. Məcmu kapitalı 50 milyon manatdan çox olan bankların bağlanmaq təhlükəsi olmadığından həmin bankın müştəriləri arxayın şəkildə yüksək faizli əmanət yerləşdirməkdə davam edirlər.
  3. Sığortalanmayan əmanətlər daha çox bank sektorunda işləyənlərə (xüsusən də rəhbər vəzifəsində çalışanlara) yaxın olan insanlara məxsusdur. Bu insanlar əksər hallarda bankın bağlanma təhlükəsini qabaqcadan müəyyənləşdirə bildiklərindən həm özlərinin, həm də yaxınlarının əmanətlərini yüksək faizlə yerləşdirə bilirlər.

Hazırda əmanət bazarı getdikcə cəlbediciliyini itirir. Əsas səbəb faizlərin aşağı salınmasıdır. Digər tərəfdən əmanət faizlərinə tətbiq edilən vergi güzəşti ilin sonuna kimi qüvvədədir. Yəni ilin sonuna kimi qazanılan faizlərdən əmanətçilər vergi verməyəcəklər. Əgər vergi güzəşti aradan götürülsə, gələn ildən gəlirlər vergiyə cəlb ediləcək. Bu isə əmanətçilərin qazancını daha da aşağı salacaq. Belə vəziyyətdə yüksək faizə meyl daha da artacaq.

Ən sərfəli kredit üçün müraciət et

Diqqəti cəlb edən digər məqam hər əmanətçiyə düşən əmanətlərin həcmidir. Fondun məlumatına görə, 6 milyondan çox əmanətçinin 91%-i qorunur, 9%-i isə qorunmur. Yəni əmanətçilərin 5,5 milyonu qorunur, təxminən 500 mindən çoxu isə qorunmur. Orta hesabla, bir əmanətçinin yatırdığı vəsait 1050 manat olduğu halda qorunan əmanətçinin orta əmanəti təxminən 630 manatdır. Halbuki, orta hesabla qorunmayan hər əmanətçinin yatırımı 5740 manata bərabərdir.

Nəhayət sonuncu məqam kompensasiya olunan əmanətlərin həcmidir. Qorunan əmanətlərin 3,47 milyard manat olması həmin əmanətlərin hamısının qaytarılması anlamına gəlmir. Qorunan əmanətlərin ancaq 55%-i kompensasiya olunandır. Yəni  söhbət 1,9 milyard manatlıq əmanətdən gedir. Təsəvvür edin ki, əmanətçi 50 min manatlıq depoziti illik 9%-lə yerləşdirir. Deməli, həmin əmanət sığortalanır. Ancaq əmanətin hamısı kompensasiya olunmur. Sabah bank bağlansa, bu depozitin yalnız 30 mini kompensasiya ediləcək. 20 min manatı qaytarılmayacaq. Nəzəri olaraq, bütün banklar bağlansa, bu halda kompensasiya məbləği qaytarılacaq. Bir sözlə, 6,3 milyard manatlıq əmanətin 4,3 milyard manatının taleyi sual altında qalır.

İndi əhali qarşısında 2 seçim var: ya əmanət bazarını tərk edirlər və sərəncamlarında olan sərbəst vəsaitləri digər sahələrə yönəldirlər, ya da əmanət bazarında qalmaqla, yüksək faizlə əmanət yerləşdirməkdə davam edirlər. Birinci halda əmanət bazarı tənəzzüllə üzləşəcək, ikinci halda isə Mərkəzi Bankın kredit bazarında kredit faizlərini aşağı salmaq təşəbbüsü uğursuz olacaq.  

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et