Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla müqayisədə 2,8% və ya 30 mln. avro artaraq 1 mlrd. 82 mln. avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı 33-dən 34-ə yüksəlib.
Bu barədə EBRD-dən bildirilib.
Qeyd olunub ki, portfelin 92%-ni (995 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (54 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (33 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 0,4% artaraq 751 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 196 layihə çərçivəsində 4,059 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 82,1%-i (3,333 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 36%-ə yüksəlib.
apa