Texnologiya nəhəngləri dünya iqtisadiyyatları ilə yarışır – 147 milyardlıq mənfəət | Banco.az

Texnologiya nəhəngləri dünya iqtisadiyyatları ilə yarışır – 147 milyardlıq mənfəət

Müəllif:Mehin Qasımova,Banco.az

Süni intellekt və rəqəmsal transformasiyaya qoyulan sərmayələr fonunda dünyanın ən böyük yeddi texnologiya şirkətinin bir rüblük xalis mənfəəti 147,4 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu məbləğ dünya üzrə 131 ölkənin Ümumi Daxili Məhsulunu üstələyib.

Şirkət balans hesabatları və Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, bazar dəyərinə görə dünyanın ən iri şirkətləri olan "Nvidia", "Microsoft", "Apple", "Alphabet" , "Amazon", "Meta" və "Tesla" həmin rübdə birlikdə 147,4 milyard dollar xalis mənfəət əldə ediblər. Bu, şirkətlərin hər birinə orta hesabla 21,1 milyard dollar mənfəət deməkdir.

Məlumata görə, gəlirliliyi sürətlə artan bu yeddi şirkətin ümumi mənfəəti Avropanın daxili hissəsində yerləşən Serbiya, Xorvatiya, Sloveniya, Bolqarıstan, həmçinin İslandiya da daxil olmaqla müxtəlif regionlardan olan 131 ölkənin ÜDM göstəricilərini geridə qoyub.

Analitiklər bildirirlər ki, bu şirkətlər təkcə birja indekslərində artan çəkiləri ilə deyil, həm də iqtisadi gücləri ilə artıq bir çox ölkə iqtisadiyyatı ilə müqayisə olunacaq səviyyəyə yüksəlib.