Vaxtında ödənilməyən kredit uzunmüddətli təsir yaradır – Çıxış yolu nədir? | Banco.az

Vaxtında ödənilməyən kredit uzunmüddətli təsir yaradır – Çıxış yolu nədir?

Müəllif: Şəbnəm İbrahimxəlilova, Banco.az

Kredit tarixçəsi şəxsin gələcəkdə banklardan kredit və digər maliyyə məhsulları əldə etmək imkanlarına təsir edən əsas amillərdən biridir. Kredit ödənişlərinin gecikdirilməsi, mövcud borcların vaxtında bağlanmaması və gəlirə nisbətən yüksək kredit yükü yeni müraciətlərin qiymətləndirilməsini çətinləşdirə bilər. Bəzi hallarda borc tam ödənilsə belə, əvvəlki gecikmələr kredit tarixçəsində qalaraq növbəti müraciətlər zamanı nəzərə alına bilər. Bəs kredit tarixçəsi hansı hallarda insanın əleyhinə işləyir və borcalan bu vəziyyətdən çıxmaq üçün nə edə bilər?

Banco.az-a açıqlamasında bank eksperti Əkrəm Həsənov bildirib ki, kredit tarixçəsi kredit bürosunda əks olunur və həmin məlumatlar 10 il ərzində saxlanılır.

“Yəni şəxs krediti sonradan bağlasa belə, əvvəlki dövrdə ödəniş problemi yaşayıbsa, bu, kredit tarixçəsində görünəcək.

Kredit tarixçəsi insanın keçmiş maliyyə öhdəlikləri ilə bağlı məlumatdır və onu dəyişmək mümkün deyil. Lakin bu, bankların və bank olmayan kredit təşkilatlarının həmin şəxsə kredit verə bilməyəcəyi demək deyil. Sadəcə, maliyyə təşkilatları qərar verərkən onun kredit tarixçəsini nəzərə alırlar.

Kredit tarixçəsinin məqsədi borc istəyən şəxs haqqında əvvəlcədən məlumat əldə etməkdir. Məsələn, kimsə bizdən borc istəyəndə onun əvvəlki borclarını vaxtında qaytarıb-qaytarmadığını bilmək istəyərik. Əgər həmin şəxs əvvəlki borclarını qaytarmaqda problem yaşayıbsa, ona borc vermək barədə qərarımız da dəyişə bilər. Banklar da kredit müraciətlərinə bu prinsiplə yanaşırlar”.

O deyir ki, bununla belə, hər bankın və bank olmayan kredit təşkilatının öz siyasəti var: “Onlar gecikmənin neçə gün davam etdiyini, nə vaxt baş verdiyini və hansı səbəbdən yarandığını nəzərə ala bilərlər. Şəxsin zamininin və ya girovunun olması da kreditin verilməsi qərarına təsir göstərə bilər. Yekun qərar isə maliyyə təşkilatının daxili qaydalarına uyğun verilir.

Kredit tarixçəsini yaxşılaşdırmaq istəyən şəxs kiçik məbləğli kreditlər götürməklə başlaya bilər. Məsələn, 1 000, 2 000 və ya 3 000 manat məbləğində kredit götürüb ödənişləri vaxtında həyata keçirə bilər. Bu zaman kredit üzrə yaxşı zaminin olması da əhəmiyyət daşıya bilər. Məsələn, sabit və yüksək gəliri olan, kredit tarixçəsində problem yaşamamış şəxs zamin kimi çıxış edə bilər.

Beləliklə, şəxs bir neçə dəfə kredit götürüb ödənişlərini vaxtında həyata keçirdikdə, gələcəkdə daha böyük məbləğli kredit üçün müraciət edərkən bu, onun xeyrinə nəzərə alına bilər. Bank əvvəlki kredit tarixçəsində problem olduğunu görsə də, sonrakı kreditlərin vaxtında ödənildiyini də nəzərə ala bilər”.