Bank müştərinin kartına nə vaxt blok qoya bilər? | Banco.az

Bank müştərinin kartına nə vaxt blok qoya bilər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bankın müştərinin bank kartını bloklaması bankın mütləq və sərhədsiz səlahiyyəti deyil. Bu səlahiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslara uyğun həyata keçirilməlidir. Bir də onu qeyd edim ki, hüquqi baxımdan iki məsələni fərqləndirmək lazımdır. Kartın bloklanması kart vasitəsilə əməliyyatların aparılmasının dayandırılmasıdır. Bu, özlüyündə hesabdakı bütün vəsaitlərin dondurulması demək deyil. Bank hesabı üzrə vəsaitlərin dondurulması və ya sərəncam hüququnun məhdudlaşdırılması isə, müştərinin hesabındakı pul vəsaitlərinə çıxışının məhdudlaşdırılmasıdır".

Bu sözləri Banco.az-a açıqlamasında iqtisadçı alim Vüsalə Əhmədova deyib.

İqtisadçının sözlərinə görə, bu prosesin ayrıca hüquqi əsası olmalıdır: "Bankın kartı bloklama hüquqi əsaslarına gəlincə, Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 37.2-37.4-cü maddələri bu məsələnin əsas hüquqi çərçivəsini müəyyən edir.

Kartın üçüncü şəxs tərəfindən istifadə edilməsi ehtimalı olduqda, müştərinin razılığı olmadan əməliyyat aparılması riski yarandıqda, kart məlumatlarının ələ keçirildiyinə dair əlamətlər aşkar edildikdə, o cümlədən də, kart vasitəsilə dələduzluq əməliyyatlarının aparılmasının qarşısını almaq zərurəti yarandıqda bank kartı bloklaya bilər. Qısası, bank kartı qorumaq üçün, Qanunun 37.2-ci maddəsinə müvafiq olaraq bloklaşdırma hüququndan istifadə edə bilər. Həmçinin də, kart sahibi kartın itirildiyini, oğurlandığını və ya icazəsiz istifadə edildiyini banka bildirdikdə, kartın bloklaşdırılması mühafizə tədbiri kimi tətbiq olunur. Bundan başqa, Qanunun 37.2.3-cü maddəsinə müvafiq olaraq, kredit xətti ayrılmış ödəniş alətləri üzrə müştərinin öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması məqsədilə bloklaşdırma həyata keçirilir".

V. Əhmədova bildirib ki, çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaq üçün bank qanunvericilikdən irəli gələn nəzarət və məhdudlaşdırma tədbirlərini tətbiq edə bilər: "Məhkəmənin qərarı, icra sənədi və ya qanunla səlahiyyət verilmiş orqanın məcburi qərarı müəyyən hallarda hesabdakı vəsaitlərə sərəncam verilməsinin məhdudlaşdırılmasına səbəb olur. Bu hallar əvvəldə də qeyd etdiyim kimi, bloklamadan fərqlənir. Hesab üzrə həbs və ya sərəncam məhdudiyyəti kartın texniki bloklanması ilə eyni deyil. Ən əsası isə, Qanunun 37.3-cü maddəsinə əsasən, 37.2-ci maddədə nəzərdə tutulan əsaslarla kart bloklandıqda bank müştərini mümkün olduqda əvvəlcədən, bu mümkün olmadıqda isə bloklaşdırmadan dərhal sonra bloklaşdırma və onun əsaslandırılmış səbəbi barədə məlumatlandırmalıdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram