Dollarla olan problemli kreditlərdən yaxa qurtarmağın yolları | Banco.az

Dollarla olan problemli kreditlərdən yaxa qurtarmağın yolları

Manatın devalvasiyası Azərbaycanda vətəndaş və sahibkarların dollarla olan kreditləri qaytarmasında ciddi çətinliklər yaradıb. Bu, dollarla olan problemli kreditlərin həcmini xeyli artırıb. Mövcud vəziyyət isə bankları da çətin duruma salıb. 

Hazırda maliyyə sektoru ilə bağlı əsas müzakirə edilən məsələlərdən biri də dollarla olan problemli kreditlərin necə qaytarılmasıdır. Hətta beynəlxalq maliyyə qurumları da bu problemin həllinin vacib olduğunu qabardırlar.

Bununla bağlı məsələyə aydınlıq gətirilib və müxtəlif tərəflərin münasibətləri öyrənilib.

“Dollarla olan kreditlər üzrə ziyanı hökumət qarşılasın”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, devalvasiyalar nəticəsində bütün maliyyə zərərlərinin sahibkar və ya vətəndaşın üzərinə yüklənməsi doğru deyil:

“Azərbaycan qanunvericiliyi, stabil iqtisadiyyatlarda tətbiq edilən situasiyalar, beynəlxalq təcrübə onu göstərir ki, əgər zərər dövlət qurumları tərəfindən qəbul olunmuş qərarlar əsasında formalaşırsa, bu zərər istənilən formada kompensasiya olunmalıdır.

“Mülki Məcəllədə də göstərilib ki, yerli idarəetmə orqanlarının qəbul etdiyi qərarlar nəticəsində sahibkarlıq subyektləri və ya vətəndaş hər hansı maliyyə itkisi ilə üzləşərsə, zərər dövlət tərəfindən qarşılanmalıdır. 

Bu baxımdan da məzənnənin idarəedilən məzənnə olması, daha sonra bununla bağlı devalvasiya qərarlarının həmin dövrdə dövlət qurumu olan Mərkəzi Bank tərəfindən qəbul edilməsi nəticəsində yaranan borc yükü 100% həcmdə dövlət tərəfindən kompensasiya edilməlidir”.

Xarici təcrübə nə deyir?

Ekspert hesab edir ki, bu şəkildə verilən qərar ən ədalətli qərar ola bilər. Bununla bağlı kifayət qədər xarici təcrübə də var: “Məsələn, 2008-ci ildə Polşada belə bir addım atılmışdı. Dövlət məzənnə ilə bağlı yaranmış fərqin 25%-nin kompensasiyasını öz üzərinə götürmüşdü. Halbuki məzənnə dövlət tərəfindən tənzimlənmirdi və üzən rejim tətbiq edilirdi”.

R.Həsənov deyib ki, 2014-cü ildə Ukraynada müharibə başlayanda qriven sürətlə ucuzlaşdı: “Sentyabr-oktyabr aylarında dövlətin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən 26 bank ümumi razılığa gələrək valyuta ilə olan borcları həmin banklara 2014-cü ilin yanvar ayının 1-nə olan məzənnə ilə ödənildi”.

Yəni, insanların borcuna güzəşt edilərsə, növbəti dövrlərdə insanlar borclanacaq və yenə də güzəşt tələb edəcəklər. Məsələ isə ondan ibarətdir ki, maliyyə idarəetməsinin düzgün aparılmaması nəticəsində vətəndaş şok effektli devalvasiya ilə üzləşib və borclanıb.

“Zərər yükü bölünsün”

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə ən azından dollarla bağlı problemli kreditlər üzrə yükün bölünməsi məqsədəuyğun olardı. Amma bunun da baş verməsi inandırıcı görünmür:

“Bu sahədə hansısa ciddi dəyişikliyin olması gözlənilmir. Belə ki, ilkin dövrdə vətəndaşlar və sahibkarlar tərəfindən hansısa panika var idisə, indi bu yük həzm olub. Belə olan halda dövlət nə üçün güzəştə getsin?”

“Banklara minimum faizlə manat krediti verilsin”

İqtisadçı-ekspert Elman Sadiqov bildirib ki, problem indiyə qədər dollarla olan kreditlərin qaytarılması yolları səslənən təkliflərin ya populist olması, ya da birtərəfli qaydada səslənməsindən ibarətdir:

“Əlbəttə, dövlətin bu kreditləri bağlaması, onlara güzəşt etməsi qeyri-realdır. Söhbət böyük maliyyə xərclərindən getdiyi üçün bunun tənzimləyici mexanizminin tapılması mümkün olmaz. Bankların da bunu qarşılaması mümkün deyil. Belə olan halda ən yaxşı həll yollarından biri dövlətin Mərkəzi Bank vasitəsilə faiz dəhlizinin minimum həddi olan 3%-lə banklara manatla kredit verməsi ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bu, kreditlərin həcmi də hər bir bankın dollarla verdiyi kreditlərə proporsional olaraq müəyyən edilməlidir. Banklar həmin resursları Mərkəzi Bankdan aldıqdan sonra dollar kreditlərini tədricən birinci mərhələdə 3-5 min dollara qədər olan kreditləri, ikinci mərhələdə 10 min dollaradək olan kreditləri müəyyən bir kursla dolları manata transfer edərək əhalinin borc yükünü azalda bilərlər”.

Ekspert hesab edir ki, bu, bütün tərəflərin xeyrinə ola biləcək addımdır.

“Birincisi, bu bankların problemli kreditlərinin həlli yollunda önəmli addımdır və bununla öz resurslarını yığmağa başlayırlar. Mərkəzi Bankın da marağı var ki, bu problem tədricən həll edilsin. Dövlətin ən böyük marağı ondan ibarətdir ki, pul xərcləmir, sadəcə olaraq uzunmüddətli, məsələn, 5 illik və yaxud 10 illik kredit verməklə məsələnin həllinə nail olur. Vətəndaşlar və sahibkarlar isə müəyyən qədər güzəştlər əldə edə bilirlər”.

“Millət vəkilləri tədbirlər planı hazırlayıb”

Millət vəkili Vahid Əhmədov da açıqlamasında dollarla olan problemli kreditlərlə bağlı öhdəliklərin bölüşdürülməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, dollarla bağlı problemli kreditlər üzrə təkliflər planı rəsmi qaydada Milli Məclisin sədrinə, prezidentin islahatlar üzrə köməkçisinə göndərilib. 

“Hələlik isə bununla bağlı hər hansı cavab alınmayıb. İnsanların dollarla bağlı kreditlərində çətinliklər yarandığı üçün bankların sağlamlaşdırılması və normal fəaliyyəti üçün sxem hazırlamışıq. Təklif etmişik ki, dollarla olan problemli kreditlər bir neçə tərəf arasında, yəni dövlət, Mərkəzi Bank, banklar və vətəndaşlar arasında bölünsün”.

V.Əhmədov problemli kreditlərin vurduğu ziyanın tərəflər arasında bu şəkildə bölünməsinin daha ədalətli olduğunu bildirib:

“Biz burada əsas məsələ kimi bu problemdən heç kimin əziyyət çəkməsini qoymuşuq. Elə olsun ki, hamıya eyni dərəcədə yardım olunsun. Bankları sağlamlaşdırmaq üçün bu dəqiqə o vəsaitləri canlandırmaq lazımdır. İnsanlar o kreditləri qaytarmağa başlayanda banklarda əlavə vəsait yaranacaq, dövriyyədəki vəsait artacaq, bankların kredit vermək imkanı olacaq”.

Millət vəkili 1000 dollara qədər olan vəsaitlərin qaytarılmasını, zaminlərin ümumiyyətlə, bu işə cəlb edilməməsini, ikincisi, 5 min dollara qədər olan kreditlərin 1,05 məzənnəsi ilə qaytarılmasını, üçüncüsü, 5 min manatdan yuxarı olan dollarla kreditlərin 20-25%-lə qaytarılmasını təkliflər planında qeyd etdiklərini bildirib.

Dünya Bankı: “Problemli kreditlər silinməlidir”

Dollarla olan problemi kreditlər beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının da Azərbaycanda diqqət yetirdiyi məsələlərdən biridir. Dünya Bankının nümayəndəsi Angela Prigozhina Azərbaycanda banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması ən zəruri amil olduğunu deyib:

“Problemli kreditlər silinməlidir. Gələcəkdə kredit portfelinin keyfiyyətinin yüksəldilməsi vacibdir”.

A.Prigozhina gələn il istehlakçıların müdafiəsi üzrə ciddi addımların atılacağını bildirib.
“Maliyyə Sabitliyi Şurasının və böhrana hazırlıq çərçivəsinin yaradılması çox önəmlidir. Ölkəyə investisiyaların cəlb edilməsi və iqtisadiyyatın dirçəldilməsindən ötrü bu, çox vacibdir. Sabit maliyyə sisteminin yaradılması real sektorun, kiçik və orta sahibkarlığın inkişafında qarant funksiyasını daşıyır”.

A.Prigozhina əlavə edib ki, “İflas haqqında”, “Banklar haqqında” və “Sığorta haqqında” qanunların müzakirəsi davam edir. Bununla yanaşı, maliyyə sektoruna nəzarətlə bağlı layihə işlənilir.

“Toksik aktivlərin aradan qaldırılması üzərində ciddi çalışırıq və Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə istehlakçıların hüquqlarının qorunmasına çalışacağıq”.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et