Daxili audit – bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə yaradılmış və icra orqanlarından müstəqil olan gəlir gətirməyən xidmətidir.
Daxili audit xidməti, risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsi, habelə artırılması istiqamətində bankın öz məqsədlərinə çatmasında köməklik göstərir. Daxili audit bankın daxili nəzarət sistemlərinin mütəmadi yoxlanılması prosesinin, habelə bankın etibarlı və prudensial idarə edilməsini və fəaliyyətini təmin edən daxili nəzarət sisteminin bir hissəsidir. Daxili audit bankın Müşahidə Şurasından və İdarə Heyətindən müstəqil olaraq fəaliyyət göstərir.
Daxili audit işinin məqsəd və vəzifələri əsasən daxili audit bölməsindən (bundan sonra DAB) əsasən bankın aşağıdakı sahələrdə fəaliyyətinin yoxlanılmasını, qiymətləndirilməsini və müvafiq hesabatların verilməsini tələb edir:
- Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması;
- Risklərin tənzimlənməsi və idarə edilməsi;
- Daxili nəzarət sisteminin mövcud olması;
- Yeni bank əməliyyatlarının, sistemlərinin və proseslərinin hazırlanmasında və tətbiqində keyfiyyət prosedurları;
- Bank aktivlərinin qorunması üzrə sistem və prosedurlar;
- Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlar;
Zəruri hallarda, DAB bankın reqlamentində (daxili qaydalarda, prosedurlarda və əsasnamələrdə) dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir.
Daxili auditin prinsipləri aşağıdakıları əhatə edir:
Davamlılıq. Daxili audit fəaliyyəti daimi olaraq həyata keçirilir.
Müstəqillik. Daxili audit, gündəlik nəzarət prosesindən daxil edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir.
Tərəfsizlik. Daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir. Peşəkar səriştə. Daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır.
İşin miqyası. Daxili audit işinin miqyası bankın bütün fəaliyyətini və strukturunu əhatə etməlidir.
Məxfilik. Daxili auditor öz vəzifələrini həyata keçirərkən əldə etdiyi məlumatların qorunmasında və istifadəsində sayıq olmalı və bu məlumatları şəxsi maraqlar üçün və ya bankın məqsədlərinə zərər verəcək şəkildə istifadə etməməlidir.
Daxili auditin müxtəlif növləri vardır:
Maliyyə auditi: məqsədi uçot sisteminin və məlumatlarının, eləcə də maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir;
Normativ qaydalara riayət olunmasının auditi: məqsədi qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir;
Əməliyyat auditi: məqsədi sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir;
İdarəetmə auditi: məqsədi rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir.