CV göndərərkən nələrə diqqət etməliyik? | Banco.az

CV göndərərkən nələrə diqqət etməliyik?

İdeal hazırlanmış CV və digər mərhələlər hər nə qədər önəmli olsa da, işə müraciət etmə qaydası da bir o qədər vacibdir. İşə qəbul prosesinin hər iki tərəfində olmuş bir insan kimi, xatırlatmaq istəyirəm ki, vakansiyanın bütün tələblərinə cavab versəniz belə vakansiyaya müraciətiniz də böyük əhəmiyyət kəsb edir.

Aşağıda sizlərə vakansiyalara müraciət edərkən nəzərə almağınız gərəkən bəzi təcrübə və fikirlərimi bölüşəcəm.

Vəzifə tələblərinə uyğunluq. İlk öncə müraciət edəcəyiniz vəzifəninin tələbləri və öhdəliklərini diqqətlə oxuyun. Vəzifənin adını görən kimi “hə, bu mən istədiyim işdir” deyib vaxtınızı itirməyin. Vəzifənin tələblərinə tam uyğun gəldiyiniz halda həmin vəzifəyə müraciət edin. İşə qəbul olunmaq istəyirsinizsə , sizin hansı vəzifədə işləməyiniz deyil, hansı vəzifəyə uyğunluğunuz önəmlidir.

Vəzifənin tələb etdiyi qaydada müraciət edin. Əksər vaxt işə götürən təşkilatlar vəzifəyə hansı qaydada müraciət olunması ilə bağlı qeyd yazırlar. Eyni zamanda, bəzən işə götürən təşkilatlar müraciətin məhz onların özünə məxsus CV formalarında müraciət olunmasını tələb edərlər. İlk mərhələdə seçim şansınızı artırmaq üçün tələblərə ciddi şəkildə riayət etəməyiniz lazımdır.

Müraciət etdiyiniz vəzifənin adını mütləq qaydada qeyd edin. Çünki bir təşkilat eyni vaxtda bir neçə vəzifə üzrə vakansiya elan edə bilər. Siz vəzifənin adını yazmadığınız zaman az bir ehtimalla hansı vəzifəyə müraciət etməyiniz araşdırılacaq, əksər vaxt isə uyğun olmayan CV-lər bölməsinə əlavə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Düzgün e-mail ünvanı. İdeal hazırlanmış CV-nizin olması sizi digər rəqiblərinizdən bir neçə addım öndə tutar, amma bu CV işgüzar e-mail ünvanından göndərilməlidir. Gənc çağlarınızda, tələbəlik illərinizdə yaratdığınız məzəli e-mail ünvanlarını istifadə etməməyiniz tövsiyyə olunur. Ad və soyadınızdan ibarət olan, iş görüşmələri üçün nəzərdə tutulmuş e-mail ünvanınız olsun.

E-maildə imza və yazı. Xoş qarşılanan haldır ki, tələbə olsanız belə işgüzar e-mailinizdə imza yaradasınız. Eyni zamanda hər hansı bir vakansiyaya müraciət edərkən e-maildə dastan olmamaq şərtilə kiçik cümlədə yazı yazasınız.

E-mail göndərdiyiniz vaxt. Dəyərli dostlar, bütün yuxarıda qeyd olunanlarla yanaşı, email-i günün hansı saatında göndərməyiniz belə çox vacibdir. Beləki, vaxt rejimini nəzərə almasanız CV–nin nəzərdən yayınmaq ehtimalı çox böyükdür. İnsan faktoru olan yerdə səhv olma ehtimalı hər zaman vardır. İlk növbədə iş saatlarında göndərməyə çalışın. İş saatların da səhər saatları, nahara yaxın və naharda sonrakı ilk saat, iş vaxtının son saatları və həftənin son günləri olmamasına diqqət edin. Deməli, ən optimal CV göndərmə saatları kimi, günün ilk yarısından saat 10:00 – 12:00, günün ikinci yarısından isə 15:00 – 17:00 saatlarını tövsiyyə etmək olar.

Nusrat Khalilov

Ən sərfəli krediti almaq üçün müraciət et