Bu sektorda da ƏDV-nin 50 faizi qaytarılacaq | Banco.az

Bu sektorda da ƏDV-nin 50 faizi qaytarılacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılıb. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu dəyişiklər mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və xidmətlərin qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Deputat bildirib ki, artıq bu aydan etibarən mədəniyyət sahəsində ƏDV-nin geri qaytarılmasına başlanılıb:
“Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti üzrə nağdsız ödəniş zamanı ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılır. Bu, mədəniyyət xidmətlərindən yararlanan vətəndaşlar üçün xərclərin azalması anlamına gəlir.”
Vüqar Bayramov onu da qeyd edib ki, digər dəyişikliklərə əsasən, mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma da tətbiq ediləcək:
“Bundan əvvəl 75 faiz güzəşt nəzərdə tutulurdusa, hazırda bu rəqəm 90 faizə qaldırılıb. Mövcud qanunvericiliyə görə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Bu sahələrə teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə olunub”.
Deputatın fikrincə, sözügedən güzəştlər mədəniyyət sahəsinə əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu, həm müəssisələrin fəaliyyətinə müsbət təsir göstərəcək, həm də ölkədə mədəni tədbirlərin daha da canlanmasına gətirib çıxaracaq.

Ən sərfəli kredit üçün müraciət et