Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 29,4 milyon ton neft nəql edilib | Banco.az

Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 29,4 milyon ton neft nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29381,8 min ton neft nəql edilib.

Magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,86% azalıb.

Hesabat dövründə nəqletmənin 80,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilibvə bu ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 23 648,2 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 3 431,4 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,3% azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Report.az