PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı | Banco.az

PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı

19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmləri ticarətə icazə verilib və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb. 

Yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb. Ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor, 20 000-dən çox sifariş təqdim olunub. Bu göstəricilər təklif edilən səhmlərə yüksək marağın olduğunu və PAŞA Bankın inkişaf strategiyasına, eləcə də Azərbaycanın kapital bazarlarının gələcək potensialına olan etimadı bir daha nümayiş etdirir.

PAŞA Bank səhmlərinin yerləşdirilməsinin investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat növbəti həftə ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, PAŞA Bank fəaliyyətində qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas strateji prioritetlərdən biri kimi müəyyən edib. Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərən Bank, müştəri ehtiyacları ətrafında formalaşdırılmış həllər və dayanıqlı inkişaf yanaşması ilə regionda biznesin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.