Kanada konservləşdirilmiş tərəvəz idxalına 10% əlavə vergi tətbiq edir | Banco.az

Kanada konservləşdirilmiş tərəvəz idxalına 10% əlavə vergi tətbiq edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada konservləşdirilmiş tərəvəz idxalına 10% əlavə vergi tətbiq edir.

Banco.az xəbər verir ki, Kanada hökuməti yerli istehsalçıları dəstəkləmək məqsədilə konservləşdirilmiş tərəvəz idxalına müvəqqəti olaraq 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Kanada Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, müvəqqəti qoruyucu tədbir xarakteri daşıyan bu qərar Kanada konservləşdirilmiş tərəvəz sektorunun üzləşdiyi kritik vəziyyəti və təcili problemləri aradan qaldırmağa yönəlib.

Açıqlamada qeyd olunub ki, sözügedən addım ticarət axınlarının dəyişməsinin yerli istehsalçılar üzərində yaratdığı mənfi təsirləri azaltmağı, bazarda sabitliyi təmin etməyi və kanadalı fermerlərlə qida emalı müəssisələrini qorumağı hədəfləyir.

Bu çərçivədə dünyanın bütün ölkələrindən idxal olunan konservləşdirilmiş tərəvəz məhsullarına 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcək.

Bildirilib ki, əlavə rüsum bu gündən qüvvəyə minib və tədbir maksimum 200 gün müddətində tətbiq olunacaq.

Həmçinin qeyd edilib ki, “Kanada Beynəlxalq Ticarət Məhkəməsi” hökumətin müraciəti əsasında mart ayında başlanmış konservləşdirilmiş tərəvəz idxalına dair qoruyucu araşdırmanı davam etdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram