Stenford Universitetinin professoru, davranış mütəxəssisi Brayan Foq (Brian J. Fogg) əmindir ki, məhsuldarlığı artırmaq üçün insanın öz həyatını köklü surətdə dəyişdirməsi lazım deyil. “Bəzi yaxşı vərdişlərə yiyələnmək kifayətdir”, — deyə o, CNBC-yə danışıb.
Foq 20 ildən çoxdur ki, insan davranışı və texnologiya arasındakı əlaqəni araşdırır. Eyni zamanda Stenford Universitetinin Davranış modelləşdirmə laboratoriyasının rəhbəridir. Onun vəzifələrindən biri müasir texnoloji mühitdə vərdişlərin öyrənilməsi və onların möhkəmləndirilməsi prosesini təkmilləşdirməkdir.
Professor təkcə nəzəriyyə ilə məşğul olmur. O həmçinin müşahidə etdiyi 40 min şəxsin müəllimidir. Foq yeni kitabı “Balaca vərdişlər: hər şeyi dəyişən kiçik addımlar” kitabında yazır ki, həyatımızı yaxşılaşdırmaq üçün əsaslı dəyişikliklərə ehtiyac yoxdur.
“Siz kiçik, rutin bir şeydən başlayanda iradə gücü və motivasiya tələb olunmur. Kiçik olan o dəyişiklik isə get-gedə böyüyür. Sanki toxumdan ağac boy atan kimi”,—professor iddia edir.
Həmçinin oxu: Həyatınızı müsbət yöndə dəyişdirən vərdişlər hansılardır?
Foq daha nizamlı və məhsuldar olmağa kömək edən bir sıra vərdişi qeyd edib. Özünüzə ən tez və asan aşılaya biləcəyiniz 11 vərdişi təqdim edirik:
- İş masanızın arxasında əyləşən kimi telefonunuzu “narahat etməyin” rejiminə keçirdin;
- Kabinetə daxil olan kimi iş yerində səliqə-sahmana nəzər yetirin. Qarışıqlıq varsa, aradan qaldırın;
- Yeni “Word” sənədi yaradan kimi bütün digər proqramları bağlayın;
- Sosial şəbəkədə məqsədsizcə, hipnoz olmuş kimi gəzişdiyinizi dərk edən kimi oradan çıxın;
- İclasa gələndə ilk iş olaraq bir vərəqdə onun mövzusunu və iştirak edənlərin adlarını yazın;
- Elə ki gördünüz işlə əlaqəli telefon söhbəti çox uzanır, çalışıb onu yekunlaşdırın. Həmsöhbətinizdən soruşmağa fürsət tapmadığınız sualları aydınlaşdırmağı unutmayın;
- Elektron poçta gələn vacib ismarıcları oxuyub qurtaran kimi onu müvafiq qovluğa yerləşdirin və poçtu bağlayın;
- Tutaq ki, e-mail oxundu, lakin onda əks olunmuş məsələylə hal-hazırda məşğul ola bilmirsiniz, o zaman həmin məktubu “oxunmamış” kimi qeyd edin;
- Elektron poçtunuza təcili məktub gəlibsə, onu göndərən şəxsə mütləq bildirin ki, onu almısınız və tezliklə ətraflı cavab verəcəksiniz;
- Bu gün ərzində əldə etdiyiniz ən böyük nailliyyətiniz barədə düşünün;
- Evə gələndə açarı qarmağa keçirdin.
Daha əvvəl amerikalı alimlər aşkar etmişdi ki, işçilərin məhsuldarlığına mənfi təsir göstərən sosial media kimi zərərli vərdişlər iş yerindəki stresslə mübarizədə əməkdaşlara kömək edir. Tədqiqatın yekun nəticəsi budur ki, işəgötürənlər əməkdaşlara işdən yayınmağı qadağan etmək yerinə kollektivdəki toksikliyi azaltmalıdır, üstəlik, vəzifə və tapşırıqları daha rasional bölüşdürməlidir. Belə olduğu təqdirdə işçilərin sosial şəbəkələrdə və onlayn alış-veriş saytlarında “beyinlərini boşaltmağa” ehtiyacları qalmayacaqdır.
Həmçinin oxu: Uğur qazanmaq üçün milyarderlərdən 4 ən yaxşı MƏSLƏHƏT
Nigar Umaxanlı, Banco.az