“Self-made” milyarderlər Uorren Baffet, Cek Ma, Ceff Bezos və Bill Qeyts 2019-cu ildə müvəffəqiyyət sirlərini həvəslə bölüşdülər. CNBC onların ən vacib məsləhətlərini toplayıb.
Uorren Baffet: Özünüzə investisiya qoyun
Uorren Baffet investisiya dahisi hesab olunur. Qazanclı və vaxtında qoyulan sərmayələr onu dünyanın dördüncü ən varlı adamı edib (sərvəti 89 milyard dolları ötür). Ancaq o, ən yaxşı investisiyaların pulla əlaqəsi olmadığını söyləyir.
“Qoya biləcəyiniz ən yaxşı investisiya özünüzə yatırdığınız sərmayədir” — Baffet aprel ayında qeyd edib.
Baffet həm şifahi, həm də yazılı effektiv ünsiyyət qurmağı özünə ən vacib sərmayə hesab edir. Onun sözlərinə görə, bu bacarıq insanın dəyərini 50% artıra bilər.
Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir?
“Fikirlərinizi çatdıra bilmirsinizsə, bu, qaranlıqda qıza göz qırpmaq kimi bir şeydir” — milyarder qeyd edir.
İkinci yerdə elə gənclik illərindən bədəninizə və zehninizə yatırılan sərmayələr dayanır.
“Sizə yalnız bir bədən və bir ağıl verilir və onlara qayğı göstərməyə 50 yaşınızda başlamamalısınız. Heç bir şey edilmirsə, bu vaxta qədər onlar
paslanacaq. Odur ki, mümkün qədər erkən başlamaq vacibdir. Özünüzə investisiya qoysanız, heç kim bu sərmayəni sizdən ala bilməz ” — deyib.
Ceff Bezos: Şəraitə uyğunlaşmağı və çevik olmağı öyrənin
1990-cı illərin əvvəllərində biznesə kitab satışından başlamış Bezos dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Amazon”'u yaradıb və şəxsi sərvətini 111 milyard dollara çatdırıb. Onun fikrincə, uğurun əsas şərtlərindən biri açıq olmaq və uyğunlaşma bacarığıdır. Bu, özünüzü və işinizi daha yaradıcı və çevik etməyə kömək edir.
“Müşahidə etmişəm ki, haqlı olan insanlar əlavə bir informasiya olmadan belə yanaşmalarını dəyişdirə bilirlər. Eyni məlumatlar toplusu ilə bir dəfə verdikləri qərarı səhər yuxudan oyananda təhlil edərək tamamilə fərqli qənaətə gəlirlər, yanaşmalarını dəyişdirirlər” — Bezos Amazon konfransında qeyd edib.
Bill Qeyts: Özünüzü doğru insanlarla əhatə edin və təvazökar olun
Bill Qeytsin sərvəti 113 milyard dollar təşkil edir . Xatırladaq ki, o, ilk milyardını 31 yaşında qazanıb. Onun fikrincə, belə bir sərvətə sahib olan insan təkəbbür göstərməyinə və eqosunu yüksəltməyə zəmin yaratmayacaq etibarlı insanlarla əhatə olunmalıdır.
Qeyts üçün bu cür insanlar həyat yoldaşı Melinda, üç övladı və ən yaxın dostu Uorren Baffetdir.
“Eqom şişməyə başlayanda onlar məni yenidən dünyaya qaytarırlar” —milyarder noyabrda bir konfransda vurğulayıb. “İstənilən gəlir səviyyəsində insan təvazökar olmalı, məişətdə adi şeyləri etməyi yadırğamamalı, ailə öhdəliklərini yerinə yetirməli və yaxınlarının qayğısına qalmalıdır”.
Cek Ma: Çalışın və uğur qazanın
“Alibaba”nın qurucusu milyarder Cek Ma əmindir ki, hər kəs onun kimi uğur qazana bilər. Kollecdən sonra Ma uzun müddət iş axtarıb. Milyarder ingilis dili müəllimi vəzifəsində işləməyə başlayana qədər 30 iş yerindən rədd cavabı alıb. Ma özü etiraf edir ki, 1995-ci ildə bacarığı və pulu olmadan ”Alibaba”nı fikirləşib tapıb. İndi onun sərvəti 46 milyard dollar dəyərində qiymətləndirilir.
“Düşünürəm ki, həqiqətən, hər kəs cəhd etsə, uğur qazana bilər” — Cek Ma may ayında Parisdə keçirilmiş konfransda söyləyib.
Nigar Umaxanlı, Finco.az