Böhran zamanı Bankınızı necə seçməlisiniz? | Banco.az

Böhran zamanı Bankınızı necə seçməlisiniz?

Hal-hazırda ölkəmizdə baş verən proseslər insanlarda banklara qarşı inamın azalmasına səbəb olub. İkinci devalvasiyadan sonra, bir sıra bankların bağlanması və əmanətçilərin problemlərlə qarşılaşması, bank sektorunun imicinə mənfi təsir göstərdi. Bir sözlə qurunun oduna yaş da yandı. Çünki bankların yaşadığı problemləri görən vətəndaş bu problemləri bütün banklara şamil etdi. Amma real olan bir şey var, nə qədər ki, pul adlanan vasitə var, deməli bank da var olacaq və banklara ehtiyac da olacaq.

Hər kəs iqtisadçı deyil və hər kəs bankda çalışmır. Buna görə də hər kəsdən bank seçimində ideallıq gözləyə bilmərik. Eyni zamanda gələcəyə heç kim zəmanət verə bilməz. Lakin bəzi addımlar var ki, onları atmadan əvvəl yaxşıca düşünmək lazımdır. Əgər bir bankla əlaqə yaradacaqsınızsa, o bankı mütləq diqqətli araşdırıb sonra seçməlisiniz.

İstənilən xidmətindən istifadə etdiyiniz bank sizin dostunuza çevrilməlidir. Əsl dost isə dostu gərək heç vaxt yarı yolda buraxmasın. O zaman dostunuzu seçərkən diqqətli olun.

Böhran zamanı müştərilər bank seçimində nəyə fikir verməlidirlər?

Sualımızı bir neçə ekspertə ünvanladıq. 

İqtisadçı alim Vüqar Bayramov bildirdi ki,

"Devalvasiyanın ən mənfi təsirlərindən biri o oldu ki, insanların banklara olan inamı azaldı. Bir yandan da Mərkəzi Bank tərəfindən bankların Lisenziyası alındı. Belə bir vəziyyətdə çox yaxşı olardı ki, vətəndaşlar əmanət yerləşdirərkən çox diqqətli olsunlar. Əvvəla, biz hər zaman deyirik ki, rüblük hesabatlarını açıqlamayan banklara pullarınızı əmanət etməyin. Rüblük hesabatlar banklardan tələb edilən bir açıqlamadır. Əgər bank bunu gecikdirirsə və ya açıqlamırsa, deməli yolunda getməyən nəsə var.

İkincisi, əgər bir bankın maliyyə göstəricilərində zərər görünürsə, bu zaman da həmin bankda əmanət yerləşdirməkdən çəkinmək lazımdır.

Üçüncüsü, bankda əmanət yerləşdirmək istəyən şəxs sorğu aparmalıdır. Ətrafındakı insanların məsləhətlərinə qulaq asmalıdır. Doğru bank üçün nümunələr soruşmalıdır.

Dördüncüsü, yaxşı olardı ki, əmanətçilər yüksək faizlərə qaçmasınlar. Və ən nəhayət yüksək məbləğli əmanət sahibləri pullarını bir bankda deyil, bir neçə bankda saxlasınlar. Və ya eyni bankda bir neçə şəxsin adında yerləşdirsinlər. Çünki depozitlər əmanətlər üzrə deyil, əmanətçilər üzrə sığortalanırlar.

Bu gün pulları qorumaq insanın özündən asılıdır".

Hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki,

Ən sərfəli kredit üçün müraciət et

"Müştərilər bank seçimi zamanı ilk növbədə bankın nə dərəcədə etibarlı olduğuna fikir verməlidir. Bunun ilk meyarı rüblük hesabatın bankın saytında dərc edilməsidir. Hazırda cəmi 12-13 bank bunu edir. Üstəgəl Beynəlxalq Bank və AzərTürkBank dövlət bankları olaraq nisbətən etibarlıdır".

Qeyd etmək istərdik ki, bankların maliyyə göstəricilərinə bankların rəsmi veb səhifələrindən baxa bilərsiniz.

Məsələ barədə iqtisadçı ekspert Anar İbrahimov bildirdi ki,

"Bu gün ölkəmizdə gündəmdə olan suallardan biri də "müştərilər bankları seçərkən nələrə diqqət yetirməlidir?" sualıdır. Bunun üçün müştəriləri aşağıdakı qruplara bölmək daha məqsədəuyğun olar.

Banka kredit almaq üçün banka müraciət edən müştərilər: Belə olan halda müştəri ilk növbədə kredit faizindən əlavə komisyon haqların da nəzərə almalıdır. Bəzən elə olur ki, banklar aşağı faizlə kredit təklif edərək "daha ucuz kredit təklif etdik" görüntüsü yaradıb komisyon faizləri yüksək tuturlar. Düzdü, Mərkəzi Bankın ötən ilin iyulunda verdiyi qərara əsasən komisyon haqqı maksimum 1% tutulmalıdır, ancaq nəzərə almaq lazımdır ki, hətta 1%-dən aşağı faizlə də komisyon haqqı tutan banklar olur.

Banka kredit kartı almaq üçün müraciət edən müştərilər: Belə olan halda müştəri yuxarıda qeyd etdiyim kredit faizlərinə və kartdan nağd pul çıxaran zaman tutulan faiz dərəcəsinə fikir veməlidir.

Banka debit kartı almaq üçün müraciət edən müştərilər: Belə olan halda müştəri ilk növbədə bankın maliyyə durumuna fikir verməlidir. Belə ki, böhranlı günlər yaşayan ölkəmizin bank sistemində Mərkəzi Bankın kommersiya bankları qarşısında qoyduğu Nizamnamə Kapitalının minimum həddindən aşağı olan banklar var ki, onların da hər an Mərkəzi Bank tərəfindən ölkəmizin maliyyə bazarlarından çıxardılması riski böyükdür. Debit kartda müştəri öz pulun kartına yatırdığı üçün, bank bağlananda kartın sahibləri öz pulların itirməsə belə istədiyi vaxt hesabında olan pulu götürməkdə problemlər ola bilər. Buna görə də debit kartı alarkən daha sağlam bank seçmək lazımdır.

Banka depozit qoymaq üçün müraciət edən müştərilər: Belə olan halda müştəri yuxarıda qeyd etdiyim riski nəzərə almalıdır. Çünki, qeyd etdiyim kimi ölkəmizdə hər an bağlanmaq təhlükəsində olan banklar fəaliyyət göstərir hansılar ki, həm də ciddi likvidlik problemləri var.

Banka pul köçürmələri üçün müraciət edən müştərilər: Belə olan halda müştəri xidmət haqqı üçün tutulan faiz dərəcəsinə fikir verməlidir. Bu növ əməliyyatlar qısa zamanda baş tutduğu üçün hətta bağlanmaq təhlükəsi olan banklardan belə bu növ amaliyyatları aparmaq riskli deyildir. Bundan əlavə bəzi banklar özlərinin daxili sistemləri (ölkədaxili köçürmələrdə) vasitəsilə digər beynəlxalq sistemlərdən daha ucuz xidmət təklif edirlər. Bütün bunları nəzərə almaq daha məqsədəuyğundur".

Ümidvarıq, bankınızı seçərkən verilən məsləhətlərin faydasını görəcəksiniz.  Hər birinizə uğurlu seçim arzulayırıq :)

Ən sərfəli krediti almaq üçün müraciət et