Böhran vaxtı pulu harda saxlamaq, necə xərcləmək sərfəlidir?
Ötən ilin yekunlarının nəticələrinə əsasən ölkədə dövriyyədə olan vəsaitin həcmi azalıb. Bu isə öz növbəsində əhalinin gəlirlərinin azalmasına və dövriyyədəki vəsaitin hərəkət sürətinin artmasına səbəb olur.
Belə vəziyyətlərdə əhali əlində olan vəsaiti hansı formada xərcləsə və ya saxlasa daha sərfəli olar? Və ya bu kimi fors-major vəziyyətlərdə iş adamları hansı sahələrə investisiya qoya bilər?
Pulu necə və harda saxlamalı?
Mütəxəssislər hesab edir ki, əhalinin əlindəki pulun azalması onları daha ehtiyatlı addım atmağa sövq edir. Son dövrlərdə ölkədə bəzi bankların bağlanması, bəzilərinin isə bu təhlükə ilə üz-üzə qalması əhalinin pulların banklarda saxlanması seçimini xeyli azaldıb. Bu məsələdə diqqət çəkən əsas məqamlardan biri də Əmanətlərin Sığortalanması Fondunun qoyulan depozitlərin 11-12 faizindən artığını sığortalamaması ilə bağlıdır. Eyni zamanda 30 min manatdan artıq əmanətlərin də sığortalanmaması da bu seçimi xeyli azaldıb.
Əgər indi bir vətəndaşın əlində 60 min manat pul varsa onun bu vəsaiti hər hansı bankda saxlaması ehtimalı çox azdır.
Bir müddət əvvəl 6 bankın bağlanması zamanı bəzi investorların külli miqdarda pul itirməsi halları da əhalini banklardan yayındırır.
Hazırki dövrdə əlində xeyli miqdarda pul olan şəxsin bu vəsaiti hər hansı sahəyə yatırması da riskli görünür. Hazırda iqtisadiyyatdakı qeyri-müəyyənlik fonunda bir çox sahələrə yönəldilən investisiya bir anda dəyərsizləşə bilər. Artıq risk daha böyükdür. Ona görə də bir çox biznesmenlər əllərindəki malı sataraq bunu real vəsaitə çevirmək və gözləmə mövqeyinə çəkilmək istəyirlər. Çünki bir müddət sonra həmin pulu daha dəyərli və riski aşağı olan sahəyə yönəltmək mümkün olacaq.
Xərcləri azaltmaq məsləhətdir
Son vaxtlar problemli kreditlərin sürətlə artması əhalinin əlindəki pul kütləsinin xeyli azaldığına dəlalət edir. Belə olan təqdirdə insanlar artıq xərclərdən maksimum yayınmalıdır. Hər bir insanın yayına bilməyəcəyi bir sıra xərclər var ki, bura ailə məsrəfləri, kommunal ödənişlər və qida-geyim xərcləridir. Hər bir ailə öz iqtisadi modelini hazırlamalı olduğundan onun özü öz xərclərini tənzimləyir.
Ekspertlər hesab edir ki, pul kütləsinin azaldğı vaxtlar ilk olaraq geyim xərclərindən yayınmaq olar. Köhnə geyim və ya evin təmirini təxirə salmaqla insanlar müəyyən qədər məsrəflərdən yan keçə bilər. Qidaya xərclənən vəsaitə gəlincə, əhaliyə maksimum tələb olunan miqdarda pul xərcləmələri məsləhət görülür. Ən vacib geyimi almaq, ən vacib qidaları tədarük etmək, ailədə bir neçə avtomobil varsa bunların sayını birə endirmək və benzin məsrəfini azaltmaq, evdə su-qaz-işıq sərfiyyatını mümkün qədər azaltmaq, eləcə də telefon-internet xərclərində ixtisarlara getmək mümkündür.
Mütəxəssislər belə vəziyyətlərdə ev əşyalarını dəyişməyi də məsləhət görmür.
Bundan başqa uşaq-restoran-lazım olandan əlavə alınan qidalarla bağlı da ixtisarlara getmək mümkündür.
Neftin ucuzlaşması ilə əlaqədar ölkədə müəyyən problemlərin yarandığı sirr deyil. Bu vəziyyətdə bəzi xarici investorların da öz investisiyalarını geri çəkməsi müşahidə edilir.
Biznesmenlər işə başlamağa qorxur
Yerli biznesmenlərə gəlincə onlar əsasən əllərindki məhsulu sataraq pul toplamaq yolunu seçiblər. Belə olan təqdirdə evlərin, maşınların, digər daşınmaz əmlakların qiyməti düşür, əsaslı geyim məhsullarının qiyməti enir. Səbəb isə birdir: bazarda təklif çoxdur, alan isə qat-qat azdır. Nəticədə bu da ciddi rəqabətə gətirirb çıxarır.
Ölkədə hal-hazırda bir çox sahələrə investisiya qoymaq riskli hesab edilir. İstehsala xərclənən vəsait və digər məsrəfləri nəzərə alanda, eləcə də bazardakı rəqabət bu sahələrə edilən yatırımların sərfəliliyini sual altına alır. Bəs belə vəziyyətlərdə ən sərfəli investisiya alətləri hansılardır? Pulu hansı sahəyə yatırsa investor uduzmaz?
Mütəxəssislər hesab edir ki, Azərbaycanda postneft dövrü üçün əsas prioritet sahələrdən biri turizmdir. Bunun üçün isə kiçik investisiyalar kifayət etmir.
Pulu hansı sahəyə yatırmaq olar?
Dünyada ilk iqtisadi böhran 1825-ci ildə İngiltərədə baş verib. Maraqlıdır ki, həmin vaxt İngiltərə iqtisadi sıxışma vaxtı dövləti maraqlı addımlar atıb. Bu addımlardan ən maraqlısı dövlətin biznesmenlərin istehsal etdiyi məhsulları alır və kütəvi şəkildə yandırırdı. Bunun əsas məqsədi isə bazarda qiymətləri stabil saxlamaq idi. Hətta həmin vaxt nəhəng Ost Hind şirkətini Hindistandan gətirdiyi çay yükü gəmi ilə bərabər batırılırdı. Beləliklə bazarda qiymətlərin real dəyərindən aşağı düşməsinin qarşısı alındı.
Hazırda Azərbaycanda da bəzi məhsulların real dəyərindən aşağı düşmək riski var. Xüsusi ilə son vaxtlar geyim mağazalarında yaranmış durğunluq qiymətlərin aşağı düşməsi, bəzi hallarda iri mağazaların bağlanması istehsalçıları böyük zərərlə üz-üzə qoyub.
Müəyyən qədər riski az olan sahə kənd təsərrüfatıdır. İnsan istənilən vaxt alternativ yaşamaq üçün, qida tələbatını ödəmək üçün bir yerə ehtiyac duya bilər. Buna bir növ ikinci ev də demək olar. Burada kənd təsərrüfatına qoyulan sərmaye böyük vəsait tələb etmir və sizin nə vaxtsa gündəlik tələbatınızı ödəyə bilər.
Kənd təsərrüfatını biznes növü kimi görənlər üçün iki seçim var
Daha çox pul qoyub daha çox qazanmaq və ya 20-30-40 min verib müəyyən bağ-taxıl-yonca sahəsi almaq və xırda təsərrüfat fəaliyyəti ilə məşğul olmaq.
Müəllif: Rəvan Eyyubov