Müəllif: Tamara Mustafayeva, Banco.az
“SoftBank Group Corp.” süni intellekt investisiyalarını maliyyələşdirmək məqsədilə “Nvidia Corp.”dakı bütün səhmlərini 5,83 milyard dollara satıb.
Banco.az xəbər verir ki, şirkətin qurucusu Masayoşi Son “OpenAI” və “Oracle Corp.” ilə birlikdə ABŞ-dakı Stargate məlumat mərkəzlərindən tutmuş robot istehsalı müəssisələrinə qədər bir çox süni intellekt layihəsini maliyyələşdirmək üçün mövqelərini likvidləşdirir.
Şirkətin “Nvidia”dan çıxışı “Meta Platforms Inc.” və “Alphabet Inc.” kimi böyük texnologiya şirkətlərinin qarşıdakı illərdə 1 trilyon dolları keçəcəyi gözlənilən süni intellekt xərclərinin proporsional gəlir gətirib-gətirməyəcəyi ilə bağlı müzakirələrin artdığı bir dövrə təsadüf edir.
“SoftBank”ın səhmləri çərşənbə günü Tokioda 10 faizdən çox dəyər itirib, bu da investorların yüksək texnologiya dəyərləndirmələri ilə bağlı hələ də ehtiyatlı olduqlarını göstərir. Nvidia-nın səhmləri isə bazar ertəsi bağlanışına qədər bu il 48 faiz artdıqdan sonra ABŞ birjalarında 3,9 faiz ucuzlaşıb.
“SoftBank” “OpenAI”dan tutmuş ABŞ-lı çip dizayn şirkəti “Ampere Computing LLC”yə qədər sektorda əsas oyunçulara investisiya edərək bu sürətlə böyüyən ekosistemdə lider mövqe qazanmaq istəyir.
Bizi sosial şəbəkələrdən izləyin!!
