Təhsil seqmentində fəaliyyət göstərən və Bankın müştərisi olan “Junior Achievement Azerbaijan” təşkilatının icraçı direktoru Sevinc Məmmədova PAŞA Bankın nümayəndəsinə verdiyi müsahibədə pandemiya və ardınca elan edilən karantin tədbirlərinin şirkətin fəaliyyətinə təsirindən və karantin sonrası dövr üçün planları haqqında danışdı.
- Sevinc xanım, xahiş edirəm rəhbərlik etdiyiniz “Junior Achievement Azerbaijan” təşkilatının əsas fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz.
- Biz əsasən gənclərlə işləyirik, təşkilatımızın fəaliyyətinin böyük hissəsi universitet, peşə və orta məktəblərdə təhsil alan gənclərin karyera hazırlığı, maliyyə savadlılığı və sahibkarlıq üzrə biliklərinin artırılması kimi istiqamətlərə fokuslanıb. Azərbaycanda “Junior Achievement” 20 ildən çoxdur ki, fəaliyyət göstərir, ümumilikdə isə “JA (Junior Achievement) Worldwide” beynəlxalq təşkilatı 1919-cu ildə yaranıb.
- JAA karantin rejiminə nə qədər tez uyğunlaşa bildi?
- Demək olar ki, ölkədə karantin tədbirləri tətbiq olunduğu andan etibarən biz fəaliyyətimizi onlayn formata uyğunlaşdırmağa başladıq. Əlbəttə, təşkilatın ölkə daxilində bir sıra regional tərəfdaşlarının olduğunu nəzərə alsaq, təbii olaraq müəyyən çətinliklər yaşanmışdı. Ancaq mövcud vəziyyətə tez bir zamanda uyğunlaşa bildik. Belə ki, təşkilatımız ilə əməkdaşlıq edən müəllim və təlimçi heyəti tələbələr üçün onlayn-kurslar, karyera planlaşdırması üzrə ixtisaslaşmış modul əsaslı vebinarlar və məsafədən idarə edilən digər tədbirləri uğurla həyata keçirmişlər. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı ilə birlikdə Gəncə və Cəlilabaddakı peşə məktəblərinin tələbələri üçün karyera planlaşdırması istiqamətində təlimlərimizi rəqəmsal formata keçirərək onların tədrisinə davam etdik.
- Məhdudiyyətlərin tətbiq olunduğu ilk günlərdə hansı çətinliklərlə qarşılaşdınız?
- Əlbəttə ki, əsas çətinlik ənənəvi təlimlərdən tamamilə fərqli olan onlayn təlimlərin keçirilməsi idi. Onlayn təlimlər özünə xas xüsusiyyətlərə malikdir. Belə ki, birinci halda təlim kollektiv bir yanaşma üzərində qurulursa, başqa sözlə desək bütün auditoriyanın diqqətini cəlb etməyə yönəlirsə, onlayn format kompüter monitorunun arxasında olan hər bir tələbəyə vaxt ayırma üsullarına yenidən baxılmasını və təqdim edilən təlim materiallarının optimallaşdırmasını nəzərdə tutur.
Hal-hazırda, tələbələrimiz əksəriyyətini 16+ yaş kateqoriyasında olan gənclər təşkil edir. Onlarla onlayn təlimlərin geniş potensialından tam şəkildə istifadə edə bilirik. Buna görə də hazırda gənclərin diqqətini daha da artırmaq məqsədi ilə hazırlanmış təhsil bloqları, karyera yüksəlişi və sahibkarlığın əsasları mövzularında animasiya çarxları kimi müxtəlif alətlərin tətbiqi üzərində düşünürük.
- Karantin tədbirləri müəllim heyətinin tətbiq etdiyi metodlara təsir göstərdimi?
- Əlbəttə. Ümumiyyətlə, pandemiya sürətli inkişafımıza baxmayaraq, həm tələbələrin təlimi, həm də müəllimlərin peşəkar ixtisaslaşdırması zamanı istifadə edilə biləcək rəqəmsal vasitələrin tətbiqinə böyük ehtiyac olduğuna bir növ siqnal oldu. Hal-hazırda, “Junior Achievement” platforması üzərindən, həm də BMT mənbələri vasitəsilə komandamız müəllimlərimiz və təlimçilərimiz üçün onlayn rejimdə təlimlər təşkil edir və onların yeni metodların tətbiqi üzrə bacarıqlarını inkişaf etdirməsinə dəstək olurlar. Qeyd edim ki, alternativ vasitələrin tətbiqi üçün istifadə etdiyimiz materiallar Azərbaycan və ingilis dillərində mövcuddur.
Karantin tədbirlərinin uzadılmasına baxmayaraq hər birimiz öz üzərimizdə işləməyə davam etməliyik. Əlbəttə ki, çətinliklər var və həmişə də olacaq - ucqar kənd məktəblərində İnternet bağlantısının keyfiyyəti, məktəblərin kompüterlərlə təchiz edilməsi və s., amma bu çətinliklərin hamısı planlı proqram tətbiq olunduğu zaman həll oluna bilər.
- Karantin məhdudiyyətlərinin qaldırılmasından sonra hansı addımları atmağı planlaşdırırsınız?
- İlk növbədə, bütün tərəfdaşlarımızla danışıqlar aparmağı və təşkilat daxilində müasir təhsil vasitələrinin tətbiqi ilə bağlı yeni fikir və planları müzakirə etməyi planlaşdırırıq. Düşünürəm ki, işlərin həcmi xeyli artacaq, çünki həm məsafədən, həm də ənənəvi interaktiv təlim formatlarını inkişaf etdirmək niyyətindəyik. Yaxın planlarda müəllim heyəti arasında ingilis dili biliklərini inkişaf etdirmək üçün layihələrin və növbəti “təlimçilər üçün təlim” təşəbbüsünün həyata keçirilməsi, həmçinin “Junior Achievement Azerbaijan”-ın yeni saytının istifadəyə verilməsi və digər layihələr də var. Yeni saytımızda çoxlu sayda Azərbaycan dilində müxtəlif materiallar toplanacaq.
Qeyd etmək lazımdır ki, bu bir neçə ay ərzində qazandığımız təcrübəni çox yüksək dəyərləndiririk. Məsələn, fəaliyyətimizin ölkəmizin bir çox bölgələrini əhatə edən coğrafiyasını nəzərə alaraq əvvəllər müxtəlif tədbirlərin həyata keçirilməsinə 4-5 gün sərf edirdiksə indi onlayn rejimə keçdiyimiz üçün biz hazırlıq mərhələsinə sərf etdiyimiz vaxtı optimallaşdıra bildik və üstəlik, izləyici auditoriyamızı daha da genişləndirdik. Belə ki, Biləsuvar, Qazax, Şəmkir, Mingəçevir, Bakı və digər şəhərlərdən olan gənclər üçün keçirdiyimiz son tədbirlərə 120-dən çox tələbə və gənc qatıldı, halbuki bizim təxmin etdiyimiz say bundan iki qat aşağı idi.
- Karantin tədbirləri fonunda fəaliyyətini məhdudlaşdıran və ya tamamilə dayandıran biznes sahiblərinə nə tövsiyə edərdiniz?
Ən əsas tövsiyəm odur ki, fəaliyyətlərini mümkün qədər davam etdirməyə çalışsınlar, layihələrin icrasını dayandırmasınlar. Əlbəttə ki, burada çox şey tərəfdaşlardan asılıdır, çünki biz planlarımızı və ideyalarımızı onların dəstəyi ilə həyata keçiririk. Misal üçün, əvvəllər 5 layihəni icra edirdiksə, indi onlardan yalnız ikisini fəal şəkildə inkişaf etdiririk, qalanlar üzərində işləri isə yaxın gələcəkdə bərpa etməyi planlaşdırırıq. Başqa sözlə, biznesin fəaliyyəti yavaşlaya bilər, lakin heç bir halda tam dayandırılmamalıdır.
- Karantin müddətində PAŞA Bankla münasibətləriniz necə qurulurdu?
- Biz uzun müddətdir PAŞA Bankla işləyirik və əmin idik ki, bu çətin günlərdə Bank bizə kömək edəcək və maliyyə dəstəyini verəcək. Və belə də oldu - biz mütəmadi olaraq Bankın mütəxəssisləri ilə onlayn görüşlər keçirirdik, bütün aktual məsələləri adi iş qaydasında həll edirdik. PAŞA Bankın təqdim etdiyi Onlayn bank platforması isə bizə bank xidmətlərindən sağlamlığımızı riskə atmadan tam onlayn rejimdə istifadə etmək imkanı verdi. Bu yanaşma bir daha bizi inandırdı ki, istənilən vəziyyətdə maliyyə tərəfdaşımızın dəstəyinə arxalana bilərik. Tam əminliklə deyə bilərəm ki, PAŞA Bank ilə əməkdaşlığımız gələcəkdə də eyni şəkildə davam edəcək və daima uğurlu olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!