BEYNƏLXALQ BANK MÜFLİS OLACAQMI? | Banco.az

BEYNƏLXALQ BANK MÜFLİS OLACAQMI?

Xarici kreditorlar ən iri bankımıza hansı səs çoxluğu ilə rəhm etməlidir?

Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Bankının (ABB) 1 mlrd. dollardan çox zərəri var və bankın ödəmə qabiliyyəti yoxdur, buna görə də xarici borclarını artıq ödəyə bilmir. Bu səbəbdən də öhdəliklərinin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) elan edib.  Bu restrukturizasiya planına əsasən bankın 18 kreditor qarşısında olan 3,337 mlrd. dollar məbləğindəki borcu dövlətin üzərinə keçməli idi. Amma 23 may tarixində Londonda xarici kreditorlarla görüşdən sızan məlumata əsasən dövlət ABB-nin borclarını o şərtlə üzərinə götürməyə hazırdır ki, həmin borclar üzrə kreditorlar bizə güzəştlərə (məbləğdə, müddətdə, faiz dərəcəsində) getsin. Başqa sözlə, dövlət ABB-nin borclarını olduğu kimi üzərinə götürməyə deyil, bəzi şərtlər ilə onu yerinə yetirməyə hazırdır.
Bəs əgər xarici kreditorlar güzəştə getməsə, nə baş verəcək?

Hüquqşünas ekspert Əkrəm Həsənov hesab edir ki, bu halda növbəti iki variantdan biri baş verəcək:

1) dövlət borcları tam və olduğu kimi üzərinə götürəcək ki, bankı xilas etsin (və bu halda belə çıxacaq ki, hökumət xarici kreditorlarla danışıqlarda uduzdu); 2) bank müflis elan olunacaq.
Əslində ekspert hesab edir ki, ikinci variantın baş verməsi ehtimalı azdır, çünki ABB-nin müflisliyi ölkəmizin maliyyə sisteminə ciddi zərbə olacaq:

“ Bunu xarici kreditorlar da gözəl bilir və buna görə də danışıqlarda çox sərt mövqe nümayiş etdirəcəklər. Yəni hökumətimizin xarici kreditorları təhdid etməsi (“Razı olmasanız, bankı müflis elan edərik və pulunuz tam batar!”) uğursuz ola bilər. Xarici kreditorlar soyuqqanlı cavab verə bilər: “Müflis elan edin, baxaq görək necə edirsiz!” Yəni hər iki tərəf blef edə bilər: hökumətimiz özünü elə apara bilər ki, guya bankın müflisliyindən qorxmur, xarici kreditorlar isə pullarının tam bata bilməsindən qorxmadıqlarını nümayiş etdirə bilər. Bir sözlə, gözümüzün qarşısında əsl triller baş verir!”
Bu fonda digər mühüm məsələ xarici kreditorların qərarının hansı səs çoxluğu ilə qəbul edilməsidir. ABB və Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir ki, tələblərin ən azı 2/3 hissəsinə (3,337 mlrd. dollardan təxmini 2,235 mlrd. dollar edir) malik olan kreditorların razılığı kifayətdir.

Ekspert xatırladır ki, 1 mlrd. dollar tələbinin sahibi Neft Fondudur:

Deməli, 17 xarici kreditora aid olan qalan 2,337 mlrd. dollar tələbinin yarıdan bir az çoxunun sahibi razılıq versə, bütün 3,337 mlrd. dollar tələbi hökumətimizin təklifi əsasında restrukturizasiya olunacaq və azlıqda qalanların mövqeyinin əhəmiyyəti olmayacaq. İstisna deyil ki, hökumətimiz 2/3 səs çoxluğunu qazanmaq üçün müəyyən xarici kreditorlarla artıq separat razılığa gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata “Banklar haqqında” Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: “Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir”.

Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir (aprel ayında qanuna düzəlişlər qəbul ediləndən bu barədə dəfələrlə fikrimi bildirmişəm). Belə ki, 421.1-ci maddədə deyilir: “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür”. 522.2-ci maddədə isə vurğulanır: “Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur”. Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də “Banklar haqqında” Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. İstisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Bu halda məsələ şişə, böhran dərinləşə və nəticədə ABB-nin müflis elan olunması yenidən gündəmə gələ bilər.

ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir? Yalnız xarici kreditorlar üçünmü?

 Xeyr! Bu bankda pulu olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər üçün! Onlar real olaraq pullarını itirə bilər. Fiziki şəxslər üçün isə təhlükə yoxdur! Çünki əmanətlərin sığortalanması ilə yanaşı dövlət ABB-nin əsas səhmdarı kimi Mülki Məcəllənin 950.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Buna görə də bu problem həllini tapanadək ABB-nin korporativ müştərilərinin (kreditorlarının) başı ciddi dərddədir”  ekspert bildirir. 

Ən sərfəli krediti almaq üçün müraciət et