“Azərbaycanın iqlim şəraiti düyü istehsalı üçün geniş imkan yarada bilmir” – Eyyub Kərimli | Banco.az

“Azərbaycanın iqlim şəraiti düyü istehsalı üçün geniş imkan yarada bilmir” – Eyyub Kərimli

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 54,7 milyon ABŞ dolları dəyərində 52,5 min tondan çox düyü idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 33,3 faiz və ya 13,68 milyon dollar, həcmi isə 15,1 faiz və ya 6,89 min ton artıb.

Cari ilin avqust ayına nisbətdə isə sentyabrda düyünün idxal dəyəri 14,4 faiz, həcmi isə 5,8 faiz artaraq müvafiq olaraq 4,7 milyon dollar və 4,4 min ton təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində düyü idxalı ölkənin ümumi idxalının 0,37 faizinə bərabər olub.

Azərbaycanın düyü idxalında əsas ölkələr arasında Vyetnam xüsusi yer tutur. İdxalın artması, Azərbaycanın yerli istehsalını artırmaq üçün addımlar atdığı bir vaxtda baş verir.

Mövzu barədə Banco.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, Azərbaycanda düyü istehlakı ildə 70 min tona yaxındır. Bu ilin proqnozlarına əsasən ölkədə 20 min ton çəltik istehsal olunacaq ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur:

Ən sərfəli kredit üçün müraciət et

“Düyü istehlakı ötən illə müqayisədə 17%-dən çox artıb. Bu o deməkdir ki, hər ötən il düyü istehlakı artır və biz idxaldan daha çox asılı oluruq.

Azərbaycanın iqlim şəraiti və kənd təsərrüfatı düyü istehsalında geniş imkanlar yarada bilmir.

Çünki düyü  becərdilməsi çətin bir prosesdir. Bu sahədə istehsalı artırmaq üçün uyğun iqlim şəraitinin tələb olunur. Bu baxımdan, ölkənin istehlakını tam daxili istehsal səviyyəsinə çatdırmaq asan deyil”.

İdxaldan asılılıq məsələsinə toxunan Kərimli, bu asılılığın davam edəcəyini, lakin idxalın şaxələndirilməsinin vacib olduğunu bildirib.

"Qiymətlərin aşağı düşməsi üçün müxtəlif ölkələrdən düyü idxalının məqsədəuyğun olduğunu vurğulayan iqtisadçı, ötən il qəbul olunmuş qərara əsasən Pakistandan idxal olunan düyüyə 15%-ə qədər güzəştlərin tətbiq edildiyini xatırladıb.Ekspert qeyd edib ki, bu tədbir  bəzi düyü növlərinin qiymətinin aşağı düşməsinə səbəb olacaq”.