Azərbaycandakı ödəniş terminalları yeni əskinasları niyə tanımır? | Banco.az

Azərbaycandakı ödəniş terminalları yeni əskinasları niyə tanımır?

Ölkədə yerləşən ödəniş terminallarında tədavülə yeni buraxılan 1, 5 və 50 manatlıq əskinasların qəbul edilməsi ilə bağlı problem yaşanır. Belə ki, terminal vasitəsilə ödəniş etmək istəyən şəxs bu pulları aparata daxil etdikdə aparat pulu qəbul etmir və geri qaytarır.

Problemin səbəbini öyrənmək üçün bəzi ödəniş sistemləri ilə əlaqə saxlanıb.

“Milliön” ödəniş sisteminin qaynar xəttindən aldığımız məlumatda bildirilib ki, artıq bir çox terminallar yeni 1, 5 və 50 manatlıq yeni əskinazları qəbul edir:

“Sadəcə bəzi ünvanlarda yerləşən terminallarımız var ki, hələ onlar yeni pulları qəbul etmir. Aparatlara yeni pulların tanıtdırılması prosesi mərhələli şəkildə aparılır. Ona görə də ola bilər ki, bəzi terminallar həmin pulları qəbul etməsin. Hər gün texniki məsələlərlə məşğul olan əməkdaşlarımız hissə-hissə bir neçə terminala yaxınlaşıb yeni pulları həmin aparatlara tanıtdırırlar. Bununla əlaqədar iş hazırda davam edir. Bir çox terminallarımızda isə artıq bu məsələ öz həllini tapıb. Bunlardan bir neçəsinə misal olaraq Səbail rayonu Xəqani küçəsində “Wine House”da quraşdırılan terminal, Nəsimi rayonu Nizami küçəsində “Belaruski” ticarət mərkəzinin qarşısında, Füzuli küçəsində Fövqaladə Hallar Nazirliyinin binasında yerləşən terminal, Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində “BakuMart”ın yanında olan terminalları göstərmək olar. 5 aprel tarixinə artıq 1 146 terminalımızda yeni pulların tanıtdırılması prosesi başa çatdırılıb”.

“E-manat” ödəniş sisteminin qaynar xəttindən bildirilib ki, sistemə aid terminalların heç biri hələlik yeni əskinasları qəbul etmir:

"Hələ ki, heç bir aparatımızda yeni pullar qəbul edilmir. Çünki yeni pulların qəbul edilməsi ilə bağlı proqram təminatı terminallara yazılmayıb. Hazırda müəyyən texniki işlər aparılır. Amma terminallarda yeni əskinasların nə vaxt qəbul ediləcəyi ilə bağlı dəqiq məlumat verə bilmərik. Yaxın zamanlarda proqram təminatı terminallara yazılacaq və məsələ öz həllini tapacaq”.

Ən sərfəli kredit üçün müraciət et

“Expresspay” ödəniş sistemi ilə bağlı “Express Bank”dan məlumat verilib ki, bütün terminallarda yeni əskinasların qəbul edilməsi mümkündür:

“Artıq sistemə yeni pul nişanlarının təsvirləri vurulub. Təqribən bir aya yaxındır ki, bütün terminallarımız yeni buraxılan pulları qəbul edə bilir”.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Yenilənmiş pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et