Azərbaycanda taksi qiymətləri arta bilər? – Açıqlama | Banco.az

Azərbaycanda taksi qiymətləri arta bilər? – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. 

Banco.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, taksi sahəsində sərnişindaşımaların optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Bu açıqlamadan sonra, Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən biri də qiyməti 10 faiz qaldırıb. Artıq digər taksi xidməti göstərən şirkətlərin də qiyməti artıracağı ilə bağlı fikirlər var.

Məsələyə aydınlıq gətirən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli Banco.az-a bildirib ki, bu barədə öncədən bir şey demək tezdir:

“Biz dəqiq bilmirik ki, hadisələr necə cərəyan edəcək. Bununla bağlı Nəqliyyat Nazirliyi və onun tabeliyində olan qurumlar məşğul olur. Düşünürəm ki, onlar bununla bağlı daha dəqiq açıqlama verə bilərlər”.

Nəqliyyat eksperti Aslan Əsədov mediyaya açıqlamasında bildirib ki, hazırda taksilərlə bağlı kifayət qədər tələb olduğu üçün məhdudiyyətin tətbiq ediləcəyini düşünmür:

“Biz  müxtəlif vaxtlarda - istər bayram günləri, istər şənbə- bazar  və digər günlərdə bu və digər formada taksilərdə qiymətlərin artmasına rast gəlirik. Hazırda avtomobil parkında taksi fəaliyyəti üçün kifayət qədər taksi var. Əgər tələb varsa, təklif də az ola bilməz.Hər ikisini müqayisə etsək, bahalaşma riski real görünmür. Azərbaycanda gələcəkdə taksi sahəsində yeni xidmətlərin yaranması da müzakirə mövzusudur. Rəqabət üçün keyfiyyət vacibdir. Bir parkda 300 avtomobil olsa da,  onun yalnız yüzü sərnişindaşıma üçün yararlı ola bilər. Ya da əksinə 200 avtomobildən 150-si işlək ola bilər. Mexanizm başqadır, amma keyfiyyət faktı başqa. Şirkətlərdə rəqabətin qorunması prinsipi  var. Bu da, vacib elementlərdən biridir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram