Azərbaycanda şəriət qanunları ilə işləyəcək bank yaradılır | Banco.az

Azərbaycanda şəriət qanunları ilə işləyəcək bank yaradılır

Hazırda ABB şəriət qanunlarına söykənən bank xidmətlərini həyata keçirmək üçün qanun bazasının yaradılması istiqamətində çalışır.

“Reuters”in xəbərində deyilir ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkənin kredit verən ən böyük bankıdır. Hazırda ABB şəriət qanunlarına söykənən bank xidmətlərini həyata keçirmək üçün qanun bazasının yaradılması istiqamətində çalışır. Bir çox keçmiş Sovet ölkələrində də islamı bankçılıqla bağlı qanunun qəbulu gələn ilin yayına nəzərdə tutulub. 

 

50,2 faizi Azərbaycan Maliyyə Nazirliyinə məxsus olan ABB islamı qaydalara söykənən bank xidmətini ayrıca bir bölümündə həyata keçirmək fikrindədir. Və bu bölümdə xidmətin səviyyəsinin indikindən 4 dəfə çox olacağı gözlənilir. Bu barədə ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə  agentliyə məlumat verib. 

Cənab Qurbanzadə bildirib ki, hazırda İslam Bankçılığı sistemi üzrə Azərbaycanda 180 milyon dollarlıq bank əməliyyatları həyata keçirilir. Ancaq qanun qəbul olunduqdan sonra bu göstəricinin 750 milyon dollar civarında olacağı gözlənilir. 

Agentlik xatırladır ki, Azərbaycanda əhalinin 93 faizi - 9 milyonu müsəlmandır.
Beynəlxalq Bank  həmçinin Rusiyada, Gürcüstanda və Qatarda olan filiallarında fəaliyyətini genişləndirmək üçün Azərbaycanda İslam Bankçılığı istiqamətində güclü özül yaratmaq istəyir. 

Cənab Qurbanzadə agentliyə bildirib ki, bu mənada Azərbaycan regionda mərkəzə çevrilmək istiqamətində irəliləyir; Rusiya və Müstəqil Dövlətlər Birliyi ilə İslam Bankçılığı ilə bağlı əlaqələrini daha da gücləndirməyi düşünür. 

Agentlik bildirir ki, bu ay Rusiya Bankları Birliyi də rəsmi Moskvaya müraciət edərək islami maliyyələşmə ilə bağlı qanunların qəbuluna çağırıb. 

ABB-nin direktoru onu da vurğulayıb ki, rəhbərlik etdiyi bank İslam Bankçılığı ilə bağlı işləri sürətləndirmək üçün bu sahə üzrə ixtisaslaşmış Bəhreyn şirkətinin köməyindən istifadə edəcək. 

Musavat.com bildirir ki, bu mövzu artıq xeyli vaxtdır davam edir. “Röyter”in yaydığı  bu xəbəri isə Azərbaycanın “Trend” Agentliyinin bir həftə öncə yaydığı aşağıdakı məzmunlu xəbər daha anlaşılan edir. 

****

Azərbaycan Beynəlxalq Bankı (ABB) əvvəlki illə müqayisədə şəriət normalarına uyğun investisiyalara tələbin artması ilə əlaqədar investisiyaların ümumi həcmini artırmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə ABB-nin İslam Bankçılığı Departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, ABB-nin bu gün islam maliyyə institutlarından cəlb etdiyi vəsaitlərin ümumi həcmi 218,7 milyon dollar təşkil edir: "Bank mütəmadi olaraq əlavə vəsaitlərin cəlb edilməsi ilə bağlı danışıqlar aparır. Lakin tərəflər yekun məbləği müqavilənin şərtləri razılaşdırıldıqdan sonra səsləndirəcəklər".

B.Qurbanzadə qeyd edib ki, ABB ölkədə islam bankçılığı üzrə xarici borcların cəlb edilməsinə dair işləri dayandırmır: "Lakin böyük məbləğdə investisiyaların cəlb edilməsi üçün maneələr müşahidə olunur və bunların hamısı ölkədə islam bankçılığı sahəsində qanunvericilik bazasının olmamasından irəli gəlir. Hüquqi baza olmadan investisiyaların daimi axınını düzgün istiqamətə yönəltmək çətindir. Yeni məhsulları vəxidmətləri daim strukturlaşdırmaq lazım gəlir ki, bu da nəticədə bankın xərclərini artırır və investisiyaların maya dəyərinə təsir edir".

Departament rəhbəri bildirib ki, bu ilin iyul ayının 1-nə olan məlumata görə, ABB-nin ümumi kredit portfelində islam bankçılığının payı 5,695 milyard manata çataraq üç faiz təşkil edir.
 
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının islam məhsulları xəttinin genişləndirilməsi ilə bağlı böyük planları var: "Həmçinin bank bu günlərdə"Murabaha" yeni islam plastik kartını buraxmağa hazırlaşır. Bu, ticarət endirim kartıdır. Kartın sahibi ABB-dəxidmət göstərilən pərakəndə mağazalar şəbəkəsində alış-veriş edəbilər. Kart sahibinə endirimlər və faizsiz kredit xətti əldə etmək fürsəti verilir. Bu, bankın "Qiblə" və"Jasmin" kartlarından sonra islam plastik kartları xəttində üçüncü məhsuldur".
 
B.Qurbanzadə əlavə edib ki, ABB-nin xarici ölkələrdəki şöbələri vasitəsilə islam məhsulları xəttini genişləndirməsi gələcəyin işidir: "Hər bir bazarın öz xüsusiyyətləri və bu zaman kəsiyində öz spesifik tələbləri var. Onlar diqqətlə öyrənilmədən, müvafiq məhsullar olmadan həmin bazarlara daxil olmaq məqsədəuyğun deyil".
 
Bundan başqa, onun sözlərinə görə, ABB ipoteka maliyyələşdirməsi və orta və kiçik biznesə sərmayələrin yatırılması vasitəsilə real biznesin kreditləşdirilməsi çərçivəsində yeni məhsullar və xidmətlər hazırlayır.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı islam bankçılığı çərçivəsində xidmətlərin göstərilməsinə ötən ilin aprelindən başlayıb. Bu gün islam maliyyələşdirməsi çərçivəsində aktivlərin ümumi həcmi 180 milyon dollar təşkil edir. ABB-nin İslam Bankçılığı Departamenti korporativ müştərilərə və fiziki şəxslərə xidmətlər göstərir. 

Bank tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəal iş aparılır. ABB mütəxəssislərinin və bir sıra nazirlik və dövlət təşkilatlarının nümayəndələrinin daxil olduqları işçi qrupu Azərbaycanda islam bankçılığının tənzimlənməsi üçün təkliflər paketi hazırlayır.

Bugun.az