Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 290,5 mln. manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, bu da ölkə iqtisadiyyatına cəmi investisiya qoyuluşunun 33,4%-ni təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 263,9 mln. manatı və ya 90,9%-i Birləşmiş Krallıq, Türkiyə, Çexiya, İsveçrə, Malayziya, ABŞ, Yaponiya, İran və Rusiya sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az vəsait yönəldilib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9% artıb.
2019-cu ilin yanvar ayında neft sektoruna 362 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 506,7 mln. manatlıq vəsaitin 74,4 mln. manatı (ümumi sərmayənin 8,6%-i qeyri-neft sənayesi sektorunda istifadə edilib.
Məlumata görə, 2019-cu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 0,6 mln. manatı və yaxud 0,1%-i maliyyə və sığorta fəaliyyətinə yönəldilib. İnvestisiya həcmində 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artım müşahidə olunub.
report.az