Çində lüks markaların satışlarında geriləmə dərinləşir | Banco.az

Çində lüks markaların satışlarında geriləmə dərinləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində lüks markaların satışlarında geriləmə dərinləşir.

Banco.az xəbər verir ki, “Bloomberg”in sektor məlumatlarını izləyən üç araşdırma şirkəti arasında keçirdiyi sorğuya görə, Çində ən böyük 25 lüks markanın satışları iyul ayında 10 faizdən çox azalıb. Bildirilir ki, bu geriləmə iyun ayında müşahidə olunan zəifləmədən daha ciddi olub və ilin əvvəlində qeydə alınan yüksək satış göstəriciləri ilə müqayisədə kəskin dönüşə işarə edir.

Mənbələrin məlumatına görə, “LVMH”ə məxsus “Louis Vuitton” və “Dior”, eləcə də “Kering”ə məxsus “Gucci”, “Bottega Veneta” və “Balenciaga” satışlarda ikirəqəmli azalma qeydə alıb. “Hermès” isə artımdan azalmaya keçib. Şirkətlər “Chanel” və “Prada”nın da artım tempinin əhəmiyyətli dərəcədə zəiflədiyini bildiriblər.

Bildirilir ki, qlobal lüks sektorunun nəhəngləri üçün bu cür geriləmə onların ən mühüm bazarlarından birinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır. Çin bir vaxtlar lüks sənayesinin onilliklər boyu davam edən artımının əsas hərəkətverici qüvvəsi olub. Lakin ölkədəki iqtisadi durğunluq fonunda orta təbəqənin xərclərini azaltması varlı müştərilər uğrunda rəqabəti daha da gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram