Azərbaycanda daha 60 dövlət əmlakı özəlləşdiriləcək | Banco.az

Azərbaycanda daha 60 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) gələn il yanvarın 24-də yeni özəlləşdirmə hərracı keçirəcək.

Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, hərraca ümumilikdə 60 əmlak olmaqla 20 səhmdar cəmiyyəti, 17 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 6 nəqliyyat vasitəsilə çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Sabunçu rayonu, Sumqayıt, Gəncə şəhəri, Ağsu, Daşkəsən, Lənkəran və digər rayonlarda, istifadəsiz qeyri-yaşayış sahələrinin isə 16-sı Bakıda, 1-i Astarada yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Zaqatala Barama Toxumu Zavodu, Sumqayıtda 22 saylı mağaza, “Çinar” Soyuducular Zavodunun Şəmkir filialıdır. Bu əmlaklar müvafiq olaraq 567,5 min manat, 435,7 min manat və 300 min manata təklif olunur. Belə əmlaklar sırasında 184 min manata hərraca çıxarılan Lənkərandakı 2 saylı yanacaqdoldurma məntəqəsi və Daşkəsəndəki yardımçı təsərrüfat da var.

Ən sərfəli kredit üçün müraciət et

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Goranboy Aqrotexservis”, “Sabirabad Təmir-tikinti”, “Salyan Broyler” kimi müəssisələr var.

Mənbə: Report.az