Avtomobil kreditləşməsi məhdudlaşandan sonra sığorta bazarında vəziyyət necədir? | Banco.az

Avtomobil kreditləşməsi məhdudlaşandan sonra sığorta bazarında vəziyyət necədir?

Avtomobil kreditlərinin məhdudlaşdırılmasının  sığorta bazarına bilavasitə mənfi təsir edəcəyi heç kəs üçün sirr deyildi, bunu istər iqtisadçılar, istər də bank sahəsi üzrə mütəxəssislər qeyd edirdi. Lakin hal-hazırda vəziyyətin nə yerdə olması ilə bağlı sığorta sahəsi üzrə mütəxəssisin fikirlərini öyrənmək qərarına gəldik. Başak-İnam” sığorta şirkətinin Biznesin İnkişafı departamentinin  direktoru Hikmət Allahverdi bazardakı mövcud  vəziyyəti anlatmağa  çalışdı.

Hikmət müəllim bildirdi ki, bazarın durumu haqqında fikir söyləmək üçün ilk növbədə Dövlət Sığorta Nəzarəti Xidmətinin açıqladığı rəqəmlərə baxmaq gərəkdir: “avtonəqliyyat vasitələrinin sığortası” üzrə 31.01.2014-cü ilin göstəricisini ötən ilin eyni dövrü ilə müqayisə etsək, sığorta haqqılarının yığımında təxminən 0,5 mln. manatlıq azalma var. Bu tendensiyanın fevral- mart aylarında da müşahidə olunacağını proqnozlaşdırmaq olar. Fikrimcə aprel ayından  vəziyyətin normallaşmasını müşahidə edəcəyik. Hal-hazırda bankların yeni kredit şərtləri əsasında avtomobil kreditlərinin verilməsinə start verməsi, lizinq təşkilatlarının aktivləşməsi vəziyyəti normallaşdıracaq. Mart ayında bayram günlərinin çox olması bu dəfə də bazara  təsirsiz ötüşməyəcək” –Hikmət müəllim aydınlıq gətirdi.

Azərbaycan sığorta bazarının ümumi vəziyyətinə gəldikdə isə Hikmət müəllim qeyd edir ki, 2014-cü ilin yanvar ayında 2013-cü ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarının yığımında artım müşahidə olunub (7,2 mln manat). Bu artımın 4,9 mln. manatı həyat sığortalarına aiddir. “Avtonəqliyyat vasitələrinin sığortası” üzrə azalma haqqında bildirsək də, 2014-cü ilin yanvar ayında ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-həyat sığortaları üzrə ümumilikdə 2 mln. manatadək artıq sığorta haqqı toplanmışdı.

“Başak-İnam Sığorta Şirkəti olaraq avtomobil kreditlərinin dayandırılmasını təbii ki, biz də hiss etmişik, amma bu təsir bir o qədər də ciddi olmamışdır. Amma istənilən halda sığorta portfelimizin avtomobil kreditlərinin sığortalanmasından asılılığını azaltma yönündə ciddi addımlar atmaqdayıq”.

Avtomobil kreditləşməsinin məhdudlaşdırılmasının təsirləri qaçılmazdır, amma qarşısı alınmaz deyil.

Kreditlərin dayandırılması sadəcə sığorta sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də təsirsiz ötüşməyəcək. Amma şərtləri ağırlaşdırılsa da, bankların kredit verilməsinə başlaması, qeyd etdiyim kimi, lizinq təşkilatlarının avtomobil satışlarında əsas oyunçuya çevrilməsi, vəziyyəti katastrofik nəticələrdən çıxardı.

Ən sərfəli kredit üçün müraciət et

2-ci əl avtomobillərin satışı bazarında durğunluq olacağı qaçılmazdır ki, bu da sığorta şirkətlərinin avtomobil sığortaları üzrə yığımlarında hiss olunacaqdır – Hikmət bəy, əlavə etdi.

Zənnimcə bu addımdan sonra sığorta şirkətləri könüllü sığorta bazarının inkişafı üçün başqa mexanizm və üsullar fikirləşməlidir, yəni sığorta bazarının bank və kreditlərə bağlılığı çox riskli görünür. Hikmət müəllimin bu məsələ ilə bağlı fikrini də öyrənməyə çalışdıq.

“Əslində düşünürəm ki, avtomobil kreditlərinin dayandırılması, bu baxımdan sığorta şirkətlərinin yığımlarında azalma, sığorta sektoruna ciddi bir siqnaldır”.:

Sığorta şirkətləri portfelin sığorta növləri və satış kanalları üzrə diversifikasiya edilməsində diqqət yetirməlidirlər. Başak-İnam Sığorta Şirkəti olaraq bu yöndə addımlar atmağa davam edirik. Yeni sığorta paketimiz bu qəbildəndir. “Sürpriz Kasko” adlanan bu sığorta paketi özündə 3 sığorta növünü (“avtonəqliyyat vasitələrinin sığortası”, “sürücü və sərnişinlərin fərdi qəza sığortası” və “ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası) və 6 əlavə xidməti (evakuator, ayıq sürücü, təkər təmiri, yanacaq çatdırma, hüquqi məsləhət, alternativ avtomobil) birləşdirir. Bütün bunlar üçün müştəri sadəcə 59 manat ödəməlidir. Düşünürük ki, bu məbləği ödəyə biləcək çox sayda sürücü tapılacaq. Hətta digər sığorta şirkətində sığortalı olan avtomobil sürücüləri də  azadolma məbləğini (franşiza), köhnəlmə faizini bu məhsulu almaqla tamamlaya bilər. Çünki həm xidmətlərin çoxluğu, həm də qiymətin, sığorta haqqının az olması  bu məhsulu cəlbedici edir o, bildirdi.

Bununla yanaşı Hikmət müəllim hesab edir ki,  bu gün avtomobil sığortasının daha populyar olması heç də o demək deyil ki, bu sahədə potensial tam tükənibdir, Azərbaycanda kifayət qədər sığortasız avtomobil mövcuddur. Bundan başqa tibbi sığortaya əhali arasında ciddi maraq var, Azərbaycanda inşaat sığortaları, kənd təsərrüfatı sığortaları üçün ciddi potensial olduğu göz qabağındadır.

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et