Müəllif:Mehin Qasımova,Banco.az
London Metal Birjasında (LME) alüminiumun qiyməti ABŞ və İran arasında mümkün sülh danışıqları ilə bağlı gözləntilər və dolların möhkəmlənməsi fonunda son iki ayın ən aşağı səviyyəsinə geriləyib.
Banco.az xəbər verir ki, alüminiumun qiyməti 0,74% azalaraq ton başına 3 146 dollara düşüb. Gün ərzində qiymət 3 141 dollara qədər enərək 28 iyuldan bəri ən aşağı səviyyəni qeydə alıb.
ABŞ və İran arasında mümkün sülh danışıqları Yaxın Şərqdən alüminium tədarükünə təsir göstərə biləcəyi ilə bağlı gözləntiləri artırıb. Eyni zamanda, ABŞ dollarının təxminən iki ayın ən yüksək səviyyəsinə yaxınlaşması dollarla ifadə olunan əmtəələrə təzyiq göstərib.
Misin qiyməti isə 0,08% azalıb. Buna baxmayaraq, mis sentyabr ayını ardıcıl üçüncü aylıq artımla başa vurub.
Digər əsas metalların qiymətləri də geriləyib. Sink 0,4%, qurğuşun 0,16%, nikel isə 0,05% ucuzlaşıb. Qalayın qiyməti isə 0,18% artıb.
