Müəssisələr üçün süni intellekt əsaslı işçi qüvvəsi platformaları üzrə ixtisaslaşan “Shaffra” Azərbaycanda regional qərargah açıb. Bununla şirkət ilk dəfə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən kənara çıxaraq Xəzər regionuna daxil olub.
Banco.az xəbər verir ki, irkət Azərbaycandan Xəzər regionunda beynəlxalq genişlənmə üçün əsas platforma kimi istifadə etməyi planlaşdırır.
“Shaffra” Azərbaycan bazarında çağrı mərkəzi, satış və layihələrin idarə edilməsi üzrə süni intellekt həlləri təqdim edəcək.
Şirkətin təklif etdiyi əsas məhsullar “AI Call Center”, “AI Sales Center” və “AI Project Manager”dir. Bu həllər müştəri müraciətlərinin idarə edilməsi, satış proseslərinin avtomatlaşdırılması, potensial müştərilərlə əlaqələrin qurulması, eləcə də layihələrin icrasının və iş proseslərinin izlənilməsi üçün nəzərdə tutulub.
“Shaffra”nın məlumatına görə, şirkətin platforması 2025-ci ildə müəssisə və dövlət qurumlarına ayda 2 milyon iş saatından xeyli çox vaxta qənaət etməyə imkan verib.
Şirkətin genişlənmə strategiyası 10 milyon dollardan artıq maliyyələşməyə əsaslanır. Maliyyə dəstəyini “stc”, “Omantel” və qlobal texnologiya sektorunda fəaliyyət göstərən investorlar təmin ediblər.
“Shaffra”nın baş direktoru və həmtəsisçisi Əl Haris Əl Attavi bildirib ki, Xəzər regionunda qərargahın açılması şirkət üçün mühüm ilk addımdır və Körfəz regionundan kənarda avtonom süni intellekt komandalarına tələbatın artmasını əks etdirir.
Şirkət Azərbaycandan sonra Xəzər regionunun digər ölkələrində yeni tərəfdaşlıqlar quraraq beynəlxalq fəaliyyətini genişləndirməyi, eyni zamanda müştəri xidmətləri, satış, əməliyyatlar, insan resursları və layihələrin idarə edilməsi üzrə həllərini inkişaf etdirməyi planlaşdırır.
