Avropada Milad ərəfəsi karantin tədbirləri sərtləşdirilir | Banco.az

Avropada Milad ərəfəsi karantin tədbirləri sərtləşdirilir

Tamara Mustafayeva, Banco.az

Avropada Milad ərəfəsi Omikron ştammı ilə bağlı ehtiyat tədbirləri artırılacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa ölkələri yoluxma sayının artması və Omikron ştammının sürətlə yayılması səbəbilə Milad tətilindən əvvəl bir sıra qadağalar tətbiq etməyə başlayacaqlar.

Hollandiyada 4 həftə, yəni 14 yanvar tarixinədək tam karantin rejimi tətbiq ediləcək. Bu çərçivədə təməl ehtiyacların təmin edildiyi market, qəssab, çörək sexi, aptek, yanacaqdoldurma məntəqəsi, kitabxana kimi yerlərdən başqa bütün dükan və mağazalar, gözəllik salonları, bərbərxanalar, masaj salonları, kinoteatr, muzey və əyləncə parkları bağlanacaq. Milad bayramının qeyd edildiyi 24,25 və 26 dekabr tarixində isə həm evlərdə, həm də çöldə maksimum 4 nəfərin toplaşmasına icazə veriləcək.

Almaniya İngiltərədən gələn ziyarətçilərə 2 həftəlik karantin tətbiq edəcək və ölkəyə girişdə neqativ PCR testi tələb olunacaq.

Eynilə Fransa da İngiltərədən gələnlərə şamil edilən səyahət məhdudiyyətlərinə artıq başlayıb. Fransada avqust ayında qüvvəyə minən Covid-19 sağlamlıq kartı çərçivəsində ictimai iaşə müəssisələrinə, kinoteatr və muzeylərə daxil olarkən ziyarətçilərdən peyvənd sertifikatı tələb edilir.

İrlandiyada tətbiq edilən yeni məhdudiyyətlər çərçivəsində isə restoran və barlar, kuryer sifarişi və çatdırılma xidmətləri saat 20:00-a qədər fəaliyyət göstərəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram