Müəllif:Mehin Qasımova,Banco.az
Rejissor Ceyms Kameronun “Avatar: Od və Kül” filmi qlobal kinoteatr kassalarında 1 milyard dollardan çox gəlir əldə edib.
Banco.az xəbər verir ki, Walt Disney şirkətinin məlumatına görə, ötən həftəsonu “Avatar” franşizasının üçüncü hissəsi ABŞ və Kanada kinoteatrlarında 40 milyon dollar qazanc gətirərək “Zootopia 2” filmini (19 milyon dollar) geridə qoyub.
Bu arada, Disney-in animasiya filmi olan “Zootopia 2” altı həftə ərzində dünya üzrə 1,59 milyard dollar gəlir toplayaraq bütün zamanların ən çox gəlir gətirən ikinci animasiya filmi statusunu qazanıb. Film yalnız 2019-cu ildə çəkilmiş “The Lion King” remeykindən (1,66 milyard dollar) geri qalır.
Şimali Amerika kassalarında üçüncü pillədə Sidni Suini və Amanda Seyfridin rol aldığı “Qız” trilleri (14,9 milyon dollar), dördüncü yerdə Timoti Şalamenin baş rolda oynadığı “Marti Möhtəşəm” idman dramı (12,6 milyon dollar) qərarlaşıb. İlk beşliyi “Anakonda” komediyası (10 milyon dollar) tamamlayıb.
ABŞ və Kanadada kassa gəlirlərinin 2025-ci ildə 8,9 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu göstərici ötən illə müqayisədə 2% artım deməkdir. Bununla belə, gəlirlər pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə hələ də 20% aşağıdır.
