"Atabank": Yaradılan bank yeni inkişaf strategiyası əsasında işləyəcək | Banco.az

"Atabank": Yaradılan bank yeni inkişaf strategiyası əsasında işləyəcək

“Atabank” və “Caspian Development Bank” (CDB) ASC-lərin birləşməsi ilə bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bank ərsəyə gələcək. “Report”un məlumatına görə, bunu bankların birləşməsi ilə bağlı keçirilən bugünkü mətbuat konfrasında “Atabank”ın İdarə Heyətinin (İH) sədri Dəyanət Quliyev deyib.

Onun sözlərinə görə, hər iki bank müsbət bank və maliyyə göstəricilərinə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsində ixtisaslaşmış və milli bank tarixi üçün heç də az olmayan təcrübəyə malik banklardır. Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “Atabank” üzərindən aparılacaq.

D.Quliyev bildirib ki, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək.

Konsolidasiya prosesinə qoşulmuş bankların ölkə iqtisadiyyatının aparıcı sahələrində böyük sərmayələr yatırmış korporativ müştərilərə malik olduğunu qeyd edən D.Quliyev Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayıb. Onun sözlərinə görə, bank yeni inkişaf strategiyası əsasında işləyəcək: “Atabank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir. Bununla yanaşı, bankın idarəetmə sisteminin təşkili əhəmiyyətli şəkildə yaxşılaşdırılacaq, daha effektiv, daha çevik, “bir addım öndə” prinsipinə əsaslanan inzibati sistemi tətbiq ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

D.Quliyev həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib: “Beynəlxalq təcrübəyə əsaslanaraq, nüfuzlu konsaltinq şirkətinin konsalidasiya prosesinə cəlb edilməsi prosesin qısa zaman kəsiyində, beynəlxalq standartlara uyğun şəkildə başa çatmasına imkan verəcək. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanılıb”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et