"2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür".
Bu barədə "APA-Economics"ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olan aprelin 11-i qeyri-iş günü kimi müəyyən olunub”.