"Apple" 500 milyard dollar investisiya edəcək və ABŞ-da 4 il ərzində 20 min işçi işə götürəcək | Banco.az

"Apple" 500 milyard dollar investisiya edəcək və ABŞ-da 4 il ərzində 20 min işçi işə götürəcək

Müəllif - Eldar Kərimov - Banco.az

Dünyanın ən bahalı şirkəti "Apple Inc." ABŞ iqtisadiyyatına 500 milyard dollar investisiya yatırmağı və yaxın dörd il ərzində Amerikada 20 min yeni iş yeri yaratmağı planlaşdırır, bu barədə şirkətin mətbuat relizində bildirilib.

"Apple" bunu öz tarixindəki ən iddialı investisiya planı adlandırıb.

Xüsusilə, "Apple" tərəfdaşları ilə birlikdə Texasda "Apple Intelligence" texnologiyalarını dəstəkləyən serverlərin istehsal olunacağı innovativ istehsal sahəsi yaradacaq. Şirkət həmçinin Miçiqan ştatında istehsalda çalışan işçiləri öyrədəcək akademiya quracaq.

"Apple" hazırda 5 milyard dollar təşkil edən "Advanced Manufacturing Fund" fondunun vəsaitlərini iki dəfə artırmağı və ABŞ ərazisində tədqiqat və inkişaf (R&D) investisiyalarını genişləndirməyi planlaşdırır. Şirkət eyni zamanda 20 ştatda "Apple TV+" üçün kontent yaradılmasına investisiya qoyacaq.

Şirkət bu genişmiqyaslı xərcləri baş icraçı direktor Tim Kukun prezident Donald Tramp ilə görüşündən bir neçə gün sonra elan edib. Görüşdən sonra Tramp "Apple"ın "yüzlərlə milyard dollar investisiya edəcəyini" bəyan etmişdi. Bundan əvvəl o, "Apple"ın məhsullarının böyük hissəsini istehsal etdiyi Çindən idxal olunan mallara gömrük rüsumları tətbiq etməklə hədələmişdi.

"Apple" mətbuat relizində ABŞ-da ən böyük vergi ödəyicilərindən biri olduğunu qeyd edib və son beş ildə 75 milyard dollardan çox vergi ödediyini, o cümlədən 2024-cü ildə 19 milyard dollar ödədiyini vurğulayıb.

Son 12 ayda "Apple"ın kapitallaşması 35,5% artaraq 3,69 trilyon dollara çatıb.