AMB yeni məsafədən kurslar hazırlayaraq istifadəyə verib | Banco.az

AMB yeni məsafədən kurslar hazırlayaraq istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığının, maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.

Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az/) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank əməkdaşları tərəfindən “Kapital bazarlarının əsasları” və “Avtoicbari sığorta” mövzularında iki məsafədən kurs hazırlanaraq istifadəyə verilib.

Eyni zamanda beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində aktual mövzularda yeni məsafədən kurslar da hazırlanmışdır. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Agent bankçılıq: mahiyyəti, riskləri və həyata keçirmə üsulları” və “Əhalinin rəqəmsal maliyyə savadlılığı” mövzularında, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda yeni kurslar əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, Mərkəzi Bankın Virtual Təhsil Platforması (VTP) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır. VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank tərəfindən təqdim olunan məsafədə kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilər üçün xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yekun qiymətləndirmə imtahanı da hal-hazırda video formatda həyata keçirilir və bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. Video formatda keçiriləcək yekun imtahanda məqbul bal toplamış dinləyicilər həmçinin müvafiq sertifikatla təmin olunur. Mərkəzi Bankın Virtual Təhsil Platforması ilə bağlı müraciətlər [email protected] elektron ünvanına göndərilə bilər.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et