Çin və Şimali Koreya arasında yeni sərhəd körpüsü açılıb | Banco.az

Çin və Şimali Koreya arasında yeni sərhəd körpüsü açılıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin və Şimali Koreya iki ölkəni birləşdirən Yalu çayı üzərində inşa edilmiş yeni sərhəd körpüsünü istifadəyə veriblər.

Banco.az  xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, körpüdə nəqliyyatın hərəkəti oktyabrın 15-də səhər saatlarında keçirilən təntənəli mərasimdən sonra açılıb.

Yeni körpü Çinin Dandonq şəhərini Şimali Koreyanın Sinuiju şəhəri ilə birləşdirir. Təxminən 3 kilometr uzunluğunda və 28,5 metr enində olan körpü dörd zolaqlı avtomobil yolu ilə təchiz edilib. Layihə üzrə nəqliyyatın maksimal sürəti saatda 100 kilometr nəzərdə tutulub.

Körpünün təməli 2010-cu ildə qoyulub, əsas konstruksiyasının tikintisi isə 2014-cü ildə başa çatıb. Buna baxmayaraq, obyektin istifadəyə verilməsi daha sonrakı tarixə təsadüf edib.

Çin mediasının daha əvvəl yaydığı məlumatlara əsasən, layihənin ümumi dəyəri 2,2 milyard yuan, yəni təxminən 329 milyon dollar təşkil edir.

Yeni körpünün iki ölkə arasında avtomobil nəqliyyatı və sərhədyanı əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.