Müəllif:Gülnar Əhmədli, Banco.az
Hazırda müvafiq sektor üzrə qaydalar təsdiqlənib və sığorta şirkətləri tərəfindən sığorta ilə bağlı prosedurlar hazırlanıb. Növbəti mərhələdə tənzimləyici dəyişikliklər üzərində iş aparılır və gözləntilərə görə, bu dəyişikliklər ilin sonuna qədər qüvvəyə minəcək.
Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə bu gün keçirilən mətbuat konfransında bildirib.
"Yeni tələblərə əsasən, banklardan əməkdaşlıq etdikləri sığorta şirkətlərinin təklif etdiyi sığorta məhsullarını müştərilərə təqdim etmələri tələb olunacaq. Bununla belə, sığortanın alınması müştərinin könüllü seçimi olaraq qalacaq.
Bu sığorta mexanizmi işsiz qalma riskindən qorunmağa xidmət edəcək. Buraya həm şəxsin öz istəyilə işdən ayrılması, həm də işəgötürən tərəfindən işdən azad edilməsi kimi hallar daxil ola bilər. Bu halların hansı şərtlərlə sığorta təminatına daxil ediləcəyi müvafiq qaydalar çərçivəsində tənzimlənəcək.
Ş. Mahmudzadənin sözlərinə görə, bu mexanizm istehlak kreditləri üzrə risklərin azaldılmasına və borcalanın müəyyən hallarda ödəniş qabiliyyətini itirməsi nəticəsində yaranan risklərin idarə olunmasına kömək edə bilər: "Bu, banklar üçün də kredit risklərinin azaldılmasına xidmət edən əlavə sığorta aləti olacaq"
