AMB gələn il də pul siyasətini qiymətlərin sabitliyinə yönəldəcək | Banco.az

AMB gələn il də pul siyasətini qiymətlərin sabitliyinə yönəldəcək

Azərbaycanda gələn il də pul siyasəti qiymətlərin sabitliyinə yönəldiləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qurum bəyan edib ki, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik ümumilikdə qorunub və iqtisadi artım davam edib. 2022-ci ildə AMB-nin fəaliyyət mühiti qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına çoxtərəfli təsirləri ilə xarakterizə olunur. Qlobal tələbin təklifdən daha yüksək templə bərpası, dünya birja əmtəələrinin qiymətlərinin və ticarət tərəfdaşı ölkələrində inflyasiyanın kəskin dəyişkənliyi, eləcə də təchizat-logistika xərclərinin yüksəlməsi ölkə daxilində inflyasiyaya təsir edib. Tədiyə balansı və daxili iqtisadi aktivliyin dəstəklənməsi baxımından isə xarici mühit Azərbaycan üçün əsasən əlverişli olub. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif genişlənib və ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib.

Cari ildə pul siyasəti monetar amillər vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib. Monetar amillər məcmu tələbin izafi artımını məhdudlaşdırıb. Pul siyasəti qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın amilləri, eləcə də risklər balansı nəzərə alınmaqla qəbul olunub. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar verilib, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Qeyd olunan tədbirlər pul siyasəti qərarlarının faiz kanalı vasitəsilə inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Cari ildə ilk dəfə banklararası faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti ildə də pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək. 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcək. İllik inflyasiyanın faktiki və proqnoz göstəricilərinin azalması halında pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.

Ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" rəhbər tutulmaqla pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et