Azərbaycan Mərkəzi Bankı (AMB) "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində yeni maliyyə alətləri üçün hüquqi baza yaratmağı planlaşdırır.
Bu barədə AMB-dən bildirilib.
“Strategiyaya əsasən, kapital bazarının təşviqi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, "Qiymətli kağızlar bazarı haqqında" qanunun yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, investorların bazara çıxışının genişləndirilməsi, yeni maliyyə alətləri üçün hüquqi bazanın yaradılması, həmçinin kapital bazarlarına çıxış üçün stimulların verilməsi planlaşdırılır”,- Mərkəzi Bankın cavabında deyilir.
Bildirilir ki, əlavə olaraq, emissiya ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsi və investorların hüquqlarının qorunmasına dair hüquqi çərçivənin formalaşdırılması planlaşdırılır.
“Bu dəyişikliklər bazarın əhatə dairəsini və maliyyə alətlərinin müxtəlifliyini artırmağa yönəlib ki, bu da iqtisadiyyatın real sektoru üçün daha əlverişli maliyyələşdirmə imkanları təqdim edən müasir kapital bazarının formalaşmasına kömək etməlidir”,- AMB qeyd edir.
Xatırladaq ki, "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" bu il yanvarın 26-da AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilib. Strategiyanın həyata keçirilməsi nəticəsində kapital bazarlarının ölkənin qeyri-neft ÜDM-də payının hazırkı 10 %-dən 14 %-ə qədər artacağı, əhalinin kapital bazarlarında investisiyalarının həcminin 150 milyon manatdan 1 milyard manata qədər artacağı və effektiv nəzarət çərçivəsinin formalaşdırılması gözlənilir.
report