Avropada yanacaq böhranı dərinləşir: Makrondan yeni təklif | Banco.az

Avropada yanacaq böhranı dərinləşir: Makrondan yeni təklif

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada yanacaq qiymətlərinin artması, xüsusilə kənd təsərrüfatı və balıqçılıq sektorlarında xərcləri artırıb.

Banco.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yanacaq qiymətlərinin aşağı salınması məqsədilə Avropa İttifaqına yeni təklif təqdim edib.

Makron Avropa Komissiyasının sədri Ursula fon der Leyenə göndərdiyi məktubda dizel və kerosinlə bağlı bəzi yanacaq keyfiyyəti standartlarının müvəqqəti yumşaldılmasını təklif edib.

Fransa prezidentinin fikrincə, bu addım neft emalı zavodlarına daha çox yanacaq istehsal etməyə imkan verə və bazarda yaranan təchizat çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.

Makronun qiymətləndirməsinə görə, standartların müəyyən müddətə yumşaldılması neft emalı zavodlarında yanacaq istehsalını 5-20 faiz artıra bilər.

O bildirib ki, təchizatın artırılması Avropanın enerji bazarında sabitliyin qorunmasına, həmçinin regionun neft idxalı və emal imkanlarının daha səmərəli istifadəsinə şərait yarada bilər.

Fransa prezidenti təklifini Avropanın enerji təchizatının xarici amillərdən asılılığı ilə əlaqələndirib.

Makron Hörmüz boğazı ətrafında mart ayından davam edən gərginliyin qlobal enerji bazarlarına təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa enerji təchizatında Yaxın Şərqdən əhəmiyyətli dərəcədə asılıdır.

Makronun təqdim etdiyi məlumatlara əsasən, Avropanın kerosin idxalının 36 faizi, dizel idxalının isə 18 faizi Yaxın Şərqin payına düşür.

Ölkədə dizel yanacağının qiyməti rekord həddə yüksələrək litri 2,41 avroya yaxınlaşıb. Yüksək qiymətlərə etiraz olaraq bəzi sektor nümayəndələri tərəfindən aksiyalar da keçirilib.

Fransa hökuməti daha əvvəl yanacaq qiymətlərinin artmasından zərər çəkən sahələr üçün müxtəlif dəstək paketləri açıqlasa da, bu tədbirlərin artan xərcləri tam qarşılamaq üçün kifayət etmədiyi barədə tənqidlər səsləndirilib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Hörmüz boğazı ətrafında gərginliyin artması neft və mayeləşdirilmiş təbii qazın (LNG) Fars körfəzi vasitəsilə dünya bazarlarına daşınması ilə bağlı narahatlıqları gücləndirib.

Avropada yanacaq qiymətlərinin yüksəlməsi fonunda enerji təchizatının təhlükəsizliyi və neft emalı zavodlarının istehsal gücü yenidən gündəmin əsas məsələlərindən birinə çevrilib.