Payız mövsümündə hansı regionlara və turizm növlərinə maraq daha çox artır? | Banco.az

Payız mövsümündə hansı regionlara və turizm növlərinə maraq daha çox artır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Payız aylarının başlaması ilə turizm bazarında yeni mövsümi tendensiyalar ön plana çıxır. Havaların sərinləşməsi xüsusilə açıq havada istirahət və regionlara səfər üçün daha münasib şərait yaradır. Bu dövrdə turistlərin üstünlük verdiyi istiqamətlər və istirahət formaları da yay mövsümündən fərqlənir. 

Turizm eksperti Ceyhun Aşurov Banco.az-a açıqlamasında bildirib ki, artıq payız mövsümündəyik. Payız mövsümü təbiətin gözəlliyi ilə fərqlənir: "Xüsusən dinamik yay mövsümündən sonra daha sakit payız dövrü müəyyən insanlar üçün yaxşı istirahət mövsümüdür. Daha sərbəst vaxtı olan, müəyyən qədər yaşlı insanlar və təbiəti sevənlər üçün bu dövr daha əlverişlidir.

Həftə sonu turlarının, eyni zamanda istirahət məqsədilə regionlara və təbiətə üz tutanların sayı artır. Bu dövrdə təbiətlə bağlı turizm növləri, eləcə də sağlamlıq turizmi daha aktiv olur və daha çox diqqət çəkir".

Ekspert bilirib ki, şəhərin dinamikasından uzaqlaşmaq, daha sakit mühitdə istirahət etmək istəyənlər üçün payız mövsümü olduqca əlverişli dövrdür: "Xüsusən məktəblərin və dərslərin başlaması ilə şəhərlərdə sıxlığın artdığı bir vaxtda, sakit istirahət etmək istəyənlər üçün regionlara səfər etmək yaxşı seçimdir.

Həftə sonu turları ilə yanaşı, regionlarda daha uzun müddət qalmaq və istirahət etmək istəyənlər üçün də bu dövr əlverişli hesab olunur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram