Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ), Avstraliya, Barbados, Braziliya, Kanada, Hindistan və Keniya beynəlxalq hüququn qorunması və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə “Çoxtərəfli tərəfdaşlıq” təşəbbüsünü irəli sürüb.
Banco.az xəbər verir ki, Aİ Şurası təşəbbüslə bağlı Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yazılı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, təşəbbüs Avstraliya, Barbados, Braziliya, Kanada, Hindistan, Keniya və Avropa İttifaqının birgə sponsorluğu ilə yaradılıb.
Sənəddə müxtəlif qitələrdən olan tərəflərin ortaq mövqeyi vurğulanaraq qeyd edilib ki, müasir dövrün qarşılaşdığı problemləri heç bir ölkə təkbaşına həll edə bilməz.
Təşəbbüsün əsas məqsədləri beynəlxalq hüququ qorumaq, çoxtərəfli əməkdaşlığı gücləndirmək, sülh və rifahın təmin olunmasına töhfə verməkdir.
Bəyanatda iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji transformasiya və beynəlxalq təhlükəsizlik kimi məsələlərin ortaq həllər tələb etdiyi bildirilib. Bu səbəbdən həmin problemlərə qarşı mübarizənin də kollektiv şəkildə aparılmasının vacibliyi vurğulanıb.
