Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqının (Aİ) Ukrayna ilə birgə müdafiə layihələrində istifadə etmək üçün SAFE müdafiə satınalma fondundan təxminən 10 milyard avro ayıra biləcəyi bildirilir.
Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sözçüsü Tomas Reynier Brüsseldə keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna ilə yeni birgə layihələr proqramının maliyyələşdirilməsi üçün SAFE fondunun qalan vəsaitlərindən istifadə edilə bilər. Reynier bildirib ki, hazırda bu məqsədlə ən azı 10 milyard avro vəsaitin mövcud olması gözlənilir.
AK sözçüsü əlavə edib ki, yekun məbləğ hələ tamamlanmamış SAFE kredit müqavilələrinin imzalanmasından asılı olacaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də sentyabrın 16-da Avropa Parlamentində çıxışı zamanı Ukrayna ilə yeni birgə müdafiə proqramının yaradılacağını açıqlayıb. O, sentyabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə SAFE fondunun qalan vəsaitlərindən bu məqsədlə istifadə etməyə hazır olduqlarını bildirib.
Yeni təşəbbüsün Avropanın hava və raketdən müdafiə imkanlarının gücləndirilməsinə, o cümlədən mövcud FREYA raketdən müdafiə sistemi əsasında yeni Avropa müdafiə sisteminin yaradılmasına yönəldiyi qeyd olunur.
