Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək kapital bazarının inkişafı proqramı çərçivəsində texniki yardımı təsdiqləyib.
ADB-yə istinadən verilən məlumata görə, proqramın maliyyələşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondunun xətti ilə 225 min ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2015–2024-cü illərdə ADB-nin xətti ilə Azərbaycan üçün suveren maliyyələşdirmənin məbləği 2,529 milyard ABŞ dolları təşkil edib. Vəsaitlər 10 layihə çərçivəsində ayrılıb.
Bu məbləğin yarıdan çoxu (51 %) regional əməkdaşlığın və inteqrasiyanın inkişafına yönəldilib ki, bu da yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Vəsaitlərin daha 39 %-i özəl sektorun dəstəklənməsinə, 18 %-i iqlimin maliyyələşdirilməsinə, 10 %-i isə rəqəmsal texnologiyalar sahəsindəki layihələrə yönəldilib.
Müvafiq dövr ərzində qeyri-suveren maliyyələşdirmə çərçivəsində ADB ümumi məbləği 963,9 milyon ABŞ dolları olan doqquz layihəni təsdiqləyib.
