ABŞ-da baş verənlər haqqında
- ABŞ-da illik inflyasiya cari ilin fevral ayında gözləntilərə uyğun olaraq 7.9%-ə yüksəldi, bu göstərici 1982-ci ildən bəri ən yüksək rəqəm olmuşdur. Rusiya-Ukrayna müharibəsi səbəbilə, növbəti aylarda da enerji xərclərinin artması, Avropada baş verən son hadisələr, davam edən tələb-təklif uyğunsuzluğu inflyasiyanın uzun müddət artacağını proqnoz etməyə əsas verir.
- 15-16 mart tarixlərində FES-in növbəti iclası keçiriləcək. Əsas gözləntilər ondan ibarətdir ki, FES artan inflyasiya fonunda faiz dərəcəsini qaldıracaq. Hazırda Rusiya ilə Ukrayna arasında davam edən müharibə FES-in qərarlarına müəyyən mənada təsir edə bilər. Bu təsir, əsasən, ondan ibarət ola bilər ki, FES gələcəkdə baş verə biləcək geriləməni nəzərə alaraq, faiz dərəcəsini bu görüşdə kəskin artırmaqdan çəkinərək 0,25-0,50% səviyyəsində artıra bilər. Ümumilikdə isə, faiz artımının minimum 5 dəfə artırılacağını və faizlərin 2,5-3.0%-dək yüksəldiləcəyini gözləyirik. Digər tərəfdən, C. Povel Konqresdə olan çıxışı zamanı bildirmişdi ki, FES balansını azaltmağı mart ayında yekunlaşdırmayıb. Bu baxımdan, gözləmək olar ki, FES balansın azaldılmasını may ayınadək yekunlaşdırıb, iyun ayında onun azaldılmasına başlayacaq.
Geosiyasi gərginliklər fonunda baş verən əsas dəyişikliklər
- 9 mart tarixində neft qiymətlərində ani düşüş müşahidə olundu. "WTI" markalı xam neft 12% və ya 15 dollardan çox ucuzlaşaraq bir barel üçün $109 qiymətində qərarlaşaraq noyabrın 26-dan bəri ən aşağı qiymətini qeyd etdi. Qiymətin düşməsinə əsas səbəb OPEC+ təklif edərsə, BƏƏ və İraqın hasilatı artıracağı xəbərləri olmuşdur. Qeyd edək ki, həftənin əvvəlində geosiyası gərginliklər fonunda "WTI" markalı xam neftinin dəyəri $130 keçmişdi.
- "Bloomberg"dən aldığımız məlumata görə, "Goldman Sachs Group" iqtisadçıları gələn il ABŞ-da tənəzzül ehtimalının 35% -ə qədər ola biləcəyini xəbərdarlıq ediblər. Həftənin əvvəlində FES sədri Cerom Povel faiz dərəcələrini artırmaq və artan inflyasiyanın dayandırmaq üçün bir sıra addımlar atmaq niyyətində olduğunu bildirib.
- "Böyük Yeddilik" (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiya paketini tətbiq etməyə hazırlaşır. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib. O qeyd edib ki, Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır. Qeyd edək ki, G7 ölkələri həmçinin Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək. İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır. Sanksiyalardan biri isə Rusiya Federasiyanın Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər qlobal maliyyə institutlarından vəsait ala bilməməsi barədə razılıq ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!