Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azalaraq 1 milyon 605 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, Azərbaycan vətəndaşlarının 42,2 %-i Türkiyəyə, 14,6 %-i Rusiyaya, 10,8 %-i Gürcüstana, 8,9 %-i İrana, 23,5 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,6 %-ni kişilər, 36,4 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Gürcüstana gedən ölkə vətəndaşlarının sayı 22 %, İrana gedənlərin sayı 2,6 % artıb, Rusiyaya gedənlərin sayı 30,8 %, Türkiyəyə gedənlərin sayı isə 2,4 % azalıb.
9 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,6 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.