Müəllif:Mehin Qasımova,Banco.az
S&P Beynəlxalq Reytinq Agentliyi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Özbəkistanda fəaliyyət göstərən DavrBank haqqında açıqlamasından sonra DavrBankın reytinqlərinə yenidən baxıb.
Banco.az-ın əldə etdiyi məlumata görə, agentlik Bankın “B” uzunmüddətli emitent kredit reytinqini müsbət gözləntilərlə “CreditWatch” siyahısına daxil edib. Bankın qısamüddətli “B” reytinqinə isə “Pozitiv” proqnozu verib.
Xatırladaq ki, mayın 8-də keçirdiyi mətbuat konfransında Abbas İbrahimov ABB-nin DavrBankda 51%-lik məzarət səhm paketini əldə etməyə hazırlaşdığını açıqlamışdı. Sənədləşmə prosedurlarının yaxın aylarda başa çatdırılması, bu ilin ikinci yarısından ABB-nin Özbəkistan bazarında ABB Davr Bank adı ilə fəaliyyətə başlaması planlaşdırılır. Agentlik ekspertlərinin rəyinə görə, satınalma başa çatandan sonra Davr Bank ABB Maliyyə Qrupunun dəstəyindən faydalanacaq.
Davr-Bank ABB Maliyyə Qrupunun ümumi aktivlərinin və kapitalının 10%-11%-ni təşkil edəcək. Davr-Bankın orta kapital gəlirliliyi son bir neçə il ərzində davamlı şəkildə 35%-dən yüksək olub. S&P Beynəlxalq Reytinq Agentliyi bu göstəricinin növbəti üç il ərzində də güclü qalacağını və ən azı 20%-25%-dən yuxarı olacağını proqnozlaşdırır. Bu sövdələşmə ABB-nin coğrafi genişlənmə və regional oyunçu kimi mövqelərini gücləndirmə hədəfinə uyğundur.
S&P Beynəlxalq Reytinq Agentliyinin relizi ilə buradan tanış ola bilərsiniz: https://www.spglobal.com/ratings/en/regulatory/article/-/view/sourceId/101685877
